ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı – Məhsul bayramı keçirilib (FOTO)

02.11.2025 07:16 8 baxış sayı 4 dəq. oxuma Trend
ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı – Məhsul bayramı keçirilib (FOTO)

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız festivalı - Məhsul bayramı böyük coşqu ilə qeyd edildi. Tarixən xalqımızın adət-ənənələrində xüsusi yer tutan Məhsul bayramı bu gün də bolluğun, bərəkətin və birliyin simvolu kimi qeyd olunur. Festival ADA ailəsini və tərəfdaşları bir araya gətirməklə yanaşı, həm də sosial məsuliyyət məqsədi daşıyır. Tədbirin əsas hədəfi şagirdlər və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaqdır.


Eyni zamanda, bu bayram milli-mənəvi dəyərləri təbliğ etmək və xeyriyyəçilik adətlərini yaşatmaq baxımından da böyük əhəmiyyət daşıyır. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət rəsmiləri, eləcə də ADA Universitetinin müəllimləri, tələbələri, valideynlər və məzunlar iştirak etdilər. ADA Universitetinin rektoru Hafiz Paşayev bayram iştirakçılarını salamlayaraq, müxtəlif sahələrdən olan insanların ümumi bir məqsəd ətrafında birləşdiyini vurğuladı. O, hər il miqyası və əhatə dairəsi genişlənən bu vacib təşəbbüsün gələcəkdə də davamlı olacağına inandığını bildirdi.


Rəsmi hissədən sonra tədbir rəngarəng bədii proqramla davam etdi. ADA Universitetinin tələbələri və məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar, musiqi və rəqs ifaları bayram əhval-ruhiyyəsini daha da yüksəltdi. ADA ailəsinin üzvü, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın musiqili çıxışı isə iştirakçılara unudulmaz anlar yaşatdı. Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, həmçinin tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olundu. Toplanan vəsait ADA İbtidai Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə seçiləcək təhsil yönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək.


Bu cür təşəbbüslər Məhsul bayramının mənəvi dəyərini artıraraq cəmiyyətdə xeyirxahlıq ruhunu gücləndirir. Ötən il keçirilən Məhsul bayramı zamanı toplanmış pullar 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsində təşkil olunan təhsil layihələrinin reallaşdırılmasına sərf olunmuşdu. Bu bayram “Veysəloğlu” Şirkətlər Qrupu (“Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi, “Xonça” və “Rossmann”), həmçinin ADA Universitetinin əməkdaşlıq etdiyi “Paul”, “Fryday”, “Cinnabon”, “Şahdağ-E Arıçılıq”, “Absheron Olive Garden”, “Maxprint” və “Referans Medical Group” kimi bir çox şirkətlərin dəstəyi ilə baş tutdu. Satışa ölkəmizin fərqli bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək, şirniyyat, digər yerli istehsal nümunələri və qeyri-qida məhsulları çıxarılmışdı.


C
Rəqəmsal təhsil müxbiri

Rəqəmsal təhsil və onlayn öyrənmə platformaları haqqında yazıram. Pandemiyadan sonra bu sahə daha da inkişaf edib.

Bütün məqalələrə baxın
Paylaş: