AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

06.11.2025 16:26 9 baxış sayı 3 dəq. oxuma Trend
AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8 Noyabr - Zəfər Günü münasibətilə “Tarixi Zəfər” adlı tədbir keçirilib. Bu yığıncaqda dövlət rəsmiləri, AHİK-in rəhbərliyi, kollektiv və üzv təşkilatların nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətini, uzaqgörən siyasətini və müdrik qərarlarını xüsusi qeyd etdi. Məmmədov əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlıqlardan, həmçinin xalqımızın sarsılmaz birliyindən bəhs etdi. Vurğulanıb ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının, eləcə də Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. Bu zəfər minilliklərə söykənən qədim tariximizin qürur səhifəsi və qəhrəmanlıq salnaməsidir.


Qeyd olundu ki, haqq savaşımızda qəhrəmancasına döyüşərək üçrəngli Bayrağımızı işğaldan azad edilmiş torpaqlara sancan mübariz oğul və qızlarımızın şücaəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilir. Şəhid ailələrinin və qazilərin sosial rifahı daim diqqətdə saxlanılır. Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şərqi Zəngəzur və Qarabağ dirçəlir, bu torpaqlara yenidən həyat qayıdır. Tədbirdə AHİK sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Kamran Umudov keçdiyi döyüş yolundan və əsgərlərin əzmkarlığından danışdı. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov isə Azərbaycan Ordusunun gücünü, dövlətin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını qeyd etdi.


Tədbir bədii hissə ilə davam etdi. Əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamını əks etdirən film nümayiş etdirilib. Əməkdar artist Ağalar Bayramovun vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, eləcə də Vətən müharibəsi qazisi və müğənni Məbud Əhmədovun ifasında təqdim olunan qələbə ruhlu mahnılar maraqla qarşılanıb. Şəhid övladlarından ibarət xor qrupunun “Şəhid övladlarının zəfər sədası” kompozisiyası alqışlarla müşayiət olundu. Tədbir müğənni Gülzar Fərəcovanın ifasında dövlətimizin qüdrətini və xalqımızın qələbə ruhunu tərənnüm edən “Yaşa, Azərbaycan!” mahnısı ilə başa çatdı.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: