APA-nın yaranmasından 21 il ötür

15.11.2025 20:03 10 baxış sayı 3 dəq. oxuma APA
APA-nın yaranmasından 21 il ötür

“Azəri-Press” Agentliyinin (APA) yaranmasının üzərindən 21 il keçir. APA MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçdi. Agentlik həmin il noyabrın 16-dan fəaliyyətə başladı. Bu tarixdən etibarən APA Azərbaycanın aparıcı xəbər agentliklərindən biri kimi tanınır.


Agentlik geniş coğrafiyaya çıxış imkanı verən çoxdilli xəbər xidməti təklif edir. APA Azərbaycan, rus, ingilis, fars və fransız dillərində xəbərlər yayır. İnformasiya blokları Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatları əks etdirir. Eyni zamanda, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər dərhal oxuculara çatdırılır. APA həmçinin ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi proseslərlə bağlı analitik yazılar hazırlayır.


APA operativ, dəqiq və tərəfsiz informasiya siyasəti ilə seçilir. Agentlik dünyanın fərqli ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanalları və mətbuat orqanları ilə əməkdaşlıq qurub. Əməkdaşlıq razılaşmaları informasiya mübadiləsi aparmağa imkan verir. APA-nın Azərbaycanın bütün bölgələrində ofisləri, həmçinin bir neçə xarici ölkədə də nümayəndəlikləri işləyir. Fəaliyyət müddəti ərzində bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturlarına daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər.


Agentliyin tərkibində iqtisadiyyat sahəsinə xüsusi yer verən “APA-Economics” bölməsi işləyir. Bu bölmənin əsas məqsədi ölkədə və qlobal miqyasda baş verən mühüm iqtisadi yenilikləri obyektiv və operativ şəkildə oxuculara çatdırmaqdır. "APA-Economics" sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur və sosial sahəyə aid ən son xəbərləri və təhlilləri özündə cəmləşdirir. Bölmə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən obyektiv analitik məqalələr və icmallar təqdim edir. "APA-Economics” Azərbaycana “renkinq mədəniyyəti” anlayışını gətirdi. Onun tərtib etdiyi bank, sığorta və birja iştirakçılarının renkinqləri oxucular tərəfindən böyük maraqla qarşılanır. Hətta bir çox bank və sığorta şirkətlərinin rəhbər şəxsləri bu renkinqləri etibarlı istinad mənbəyi kimi göstərirlər. Agentliyin internet saytı www.apa.az ünvanında fəaliyyətdədir.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: