"Axios": İsrail Qəzzaya humanitar yardım çatdırılmasını oktyabrın 20-də bərpa edəcək

19.10.2025 19:46 9 baxış sayı 2 dəq. oxuma Report
"Axios": İsrail Qəzzaya humanitar yardım çatdırılmasını oktyabrın 20-də bərpa edəcək

İsrail hökuməti Vaşinqton administrasiyasına Qəzza zolağına humanitar yardımın gətirilməsinin oktyabrın 20-də səhər saatlarında bərpa ediləcəyini bildirib. Bu məlumatı "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində ABŞ rəsmilərinə istinadən yazıb. Jurnalistin mənbəsi qeyd edib ki, "İsrail bizə bazar ertəsi səhər Qəzzaya girişi yenidən açacağını bildirib".


Bu qərar İsrail hökumətinin bir müddət əvvəl yardımın çatdırılmasını dayandırması fonunda verilib. Daha əvvəl "Ynet" portalı İsrailin Qəzzaya humanitar yardımın gətirilməsini dayandırmaq qərarına gəldiyini xəbər vermişdi. İsrail bunu anklavda atəşkəs rejiminin pozulması ilə əsaslandırırdı və məsuliyyəti HƏMAS-ın üzərinə atırdı.


İsrail ordusu fələstinli radikalların atəşkəsi pozduğunu bildirmişdi. Onlar anklavın cənubunda yerləşən Rəfah şəhəri yaxınlığında İsrail hərbçilərinin atəşə tutulduğu hadisə barədə məlumat yayıb. İsrail Baş naziri Binyamin Netanyahu atəşkəs rejiminin pozulmasında HƏMAS hərəkatını günahlandırdı. O, silahlı qüvvələrə radikallara qarşı qəti tədbirlər görmək göstərişini verdi. Bundan sonra ordu bütün anklav boyunca onlarla hədəfə zərbələr endirdi. Hərbçilər daha sonra Rəfahdakı hadisə nəticəsində iki hərbçinin həlak olduğunu, daha birinin ağır yaralandığını dəqiqləşdirdilər. HƏMAS nümayəndələri isə hərəkatın Rəfahda baş verən hadisə ilə əlaqəsini inkar ediblər.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: