Azər Kərimli: Ukrayna ərazi bütövlüyünü Azərbaycan kimi öz gücü hesabına təmin etmək iqtidarında deyil

23.11.2025 06:57 4 baxış sayı 4 dəq. oxuma Report
Azər Kərimli: Ukrayna ərazi bütövlüyünü Azərbaycan kimi öz gücü hesabına təmin etmək iqtidarında deyil

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü öz gücü hesabına bərpa etdi. Milli Məclisin deputatı Azər Kərimli bu addımları atmaqda Ukraynanın iqtidarında olmadığını söyləyir.


Deputatın sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində müharibələrin başlanması qədər, onların necə bitməsi də əsas amildir, çünki bu, qlobal güc balansını müəyyənləşdirir. 2022-ci ildən bəri Ukrayna ətrafında formalaşan hərbi-siyasi mühitə və irəli sürülən sülh planlarının ardıcıl olaraq uğursuzluğa düçar olmasına baxdıqda, münaqişənin həlli üçün tək diplomatik təşəbbüslərin yetərli olmadığı görünür. Məsələnin həllində regional təhlükəsizlik arxitekturasının dəyişməsi, böyük güclərin strateji maraqları və Ukraynanın daxili, institusional imkanları həlledici rol oynayır. Ukrayna üçün təqdim edilən sülh modellərinin nəticə verməməsi bir neçə fundamental amillə bağlıdır.


Bu amillərdən birincisi güclər balansındakı qeyri-sabitlikdir. Sülh təşəbbüsləri yalnız tərəflər arasında siyasi balans və güzəştə getmək iradəsi varsa, nəticə verər. Lakin hazırda nə Ukrayna, nə də Rusiya geri çəkilməyə meylli deyil. Qərb isə təhlükəsizlik arxitekturasını dəyişmədən Ukraynanı tam şəkildə dəstəkləməkdə maraqlı görünmür. Bu vəziyyət təbii olaraq sülh təşəbbüslərini dalana sürükləyir. Digər bir mühüm amil isə siyasi iradənin parçalanmasıdır. Ukraynanın daxili siyasi sistemində konsensusun olmaması, həmçinin Qərb ölkələri arasında yanaşmaların ziddiyyətliliyi vahid sülh modelinin qəbul edilməsinə mane olur. ABŞ, Avropa İttifaqı və NATO daxilində münaqişənin gələcəyi barədə fərqli strateji baxışların mövcudluğu sülh planlarını zəiflədir.


A. Kərimli Ukraynanın uzunmüddətli təhlükəsizlik zəmanətinin qeyri-müəyyənliyini də vacib məqam kimi qeyd edib. Sülh danışıqlarında ən vacib məsələ postmüharibə dövründə təhlükəsizlik təminatlarıdır. Ukrayna NATO-ya üzvlüyü yeganə zəmanəti hesab edir, lakin Rusiya üçün bu, "qırmızı xətt"dir. Bu ziddiyyət yumşaldılmayınca, sülh planlarının reallaşması çətin olacaq. Azərbaycanın yolu fərqli idi. Prezident İlham Əliyev işğal, müharibə və postmüharibə dövründə yalnız milli maraqlardan çıxış etdi, strateji hədəfləri dəqiqləşdirdi, xalqı birləşdirdi və ölkəsinin maraqlarını diplomatik müstəvidə qətiyyətlə müdafiə etdi. Azərbaycan 2020-ci ildə haqq müharibəsini heç kimdən yardım almadan, təkbaşına apararaq qalib gəldi.


Azərbaycan modeli postsovet məkanında presedenti olmayan bir hadisədir. Bu qələbə güclü ordu quruculuğu, iqtisadi müstəqillik, balanslı xarici siyasət və milli həmrəylik sayəsində mümkün oldu. Reallıq göstərir ki, Ukrayna hazırda bu addımları atmaq gücündə deyil. Ukraynanın müharibə aparma gücü tamamilə ABŞ və Avropadan aldığı silahlara və maliyyə dəstəyinə bağlıdır. İqtisadi bazanın dağılması, miqrasiya axını, sənaye və enerji infrastrukturunun sıradan çıxması Ukraynanın uzunmüddətli müqavimətini zəiflədir. Azərbaycan qalibiyyətə suveren xarici siyasət yürüdərək çatdı, Ukrayna isə bu gün hərbi-siyasi baxımdan öz qərarlarını təkbaşına vermək imkanına malik deyil. Ukrayna üçün təklif olunan sülh planlarının nəticə verməməsi qlobal güc balansı, təhlükəsizlik arxitekturasının dəyişməsi və Ukraynanın institusional zəiflikləridir.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: