Azərbaycan Cüdo Federasiyasının növbədənkənar Konfransı keçirilib

18.10.2025 16:16 5 baxış sayı 4 dəq. oxuma Report
Azərbaycan Cüdo Federasiyasının növbədənkənar Konfransı keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbədənkənar konfransı 18 oktyabr 2025-ci il tarixində baş tutub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İclasda Gənclər və İdman Naziri Fərid Qayıbov, Federasiyanın prezidenti Rəşad Nəbiyev, İcraiyyə Komitəsinin üzvləri və bir sıra rəsmi şəxslər iştirak ediblər.


ACF prezidenti Rəşad Nəbiyev açılış nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə idmanın və cüdonun inkişafına göstərdiyi davamlı diqqət və dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, dövlət başçısının dəstəyi nəticəsində Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır. Konfrans zamanı Federasiyanın adından ölkə başçısına təşəkkür məktubu göndərmək qərarı verilib. Federasiya əldə olunan uğurların Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, həmçinin Federasiyanın, idman təşkilatlarının, məşqçilərin, idmançıların və cüdo ailəsinin bütün üzvlərinin birgə əməyinin nəticəsi olduğunu vurğulayıb.


Gənclər və İdman Naziri Fərid Qayıbov çıxış edərək ACF-nin son illərdəki fəaliyyətini yüksək qiymətləndirdi. O, həm idman nailiyyətləri, həm də cüdonun kütləviləşdirilməsi və təhsil istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etdi. Konfransda ACF İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşdirildi. Rəşad Nəbiyev Federasiyanın prezidenti kimi təsdiqləndi. Rövşən Rüstəmov və Elnur Məmmədli vitse-prezidentlər, Rəşad Rəsullu isə icraçı vitse-prezident seçildi. Komitənin digər üzvləri Asif Əsgərov, Azər Əsgərov, Nazim Hüseynov, Mövlud Mirəliyev və Elxan Məmmədov oldu. Eyni zamanda, Nəzarət-Təftiş Komitəsinin sədri Natiq Bağırov seçildi, Dilarə Məmmədova və Orxan Əsədov isə Komitə üzvləri kimi təsdiqləndilər.


Daha sonra yeni seçilmiş İcraiyyə Komitəsinin genişləndirilmiş iclası keçirildi. Görüşdə idman təşkilatlarının, klubların nümayəndələri və cüdo məşqçiləri iştirak etdilər. İclasın əvvəlində icraçı vitse-prezident Rəşad Rəsullu 2022–2025-ci illəri əhatə edən fəaliyyət hesabatını təqdim etdi. Məşqçilərlə regionlarda cüdonun inkişafı və kütləviləşdirilməsi barədə fikir mübadiləsi aparıldı, iştirakçıların təklifləri dinlənildi.


ACF prezidenti Rəşad Nəbiyev bildirdi ki, bu gün ölkənin demək olar, bütün regionlarında cüdo inkişaf edir, yeni klublar açılır və zallarda bərpa işləri aparılır. O, cüdonun uşaq və gənclərin zərərli vərdişlərdən uzaq qalmasına və vaxtlarını səmərəli keçirməsinə mühüm töhfə verdiyini qeyd etdi. Federasiyanın əsas məqsədi yalnız medal qazanmaq deyil, həm də sağlam və layiqli gənclər yetişdirməyə dəstək olmaqdır. ACF tərəfindən məşqçilərin peşəkar inkişafı üçün təlim proqramları davamlı həyata keçiriləcək. Həmçinin, cüdo zallarının maddi-texniki bazasının gücləndirilməsi və yeni klubların yaradılması işləri də davam etdiriləcək. İclasda irəli sürülən bütün təkliflər lazımi təhlillərdən sonra Federasiyanın iş proqramına əlavə ediləcək.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: