Azərbaycan derbisi: İndiyədək 13 avtoqol yaşanıb

05.11.2025 09:26 5 baxış sayı 2 dəq. oxuma Trend
Azərbaycan derbisi: İndiyədək 13 avtoqol yaşanıb

"Qarabağ" və "Neftçi" arasındakı gərgin derbi matçları yalnız qələbə sevinci ilə deyil, həm də bəzən avtoqollar səbəbilə böyük məyusluqla yadda qalıb. Bu komandalar arasında indiyədək baş tutan qarşılaşmalarda ümumilikdə 13 avtoqol qeydə alınıb. Bu avtoqolların 8-i “Neftçi”nin, 5-i isə “Qarabağ”ın hesabına yazılıb.


Derbi tarixində qeydə alınan ilk avtoqol 14 noyabr 1999-cu ildə baş verib. Həmin oyunda “Qarabağ”ın futbolçusu Səttar Əliyev topu öz qapısından keçirmişdi, matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə bitmişdi. “Neftçi”nin ilk avtoqolu isə Jairo Rodrigesə aiddir. Bu hadisə 21 avqust 2016-cı ildə 3:0 hesabı ilə bitən “Qarabağ”ın qələbəsilə nəticələnən oyunda yaşanıb.


Bəzi oyunçular avtoqollar baxımından unikal rekordlara imza atıblar. Məsələn, “Neftçi”nin oyunçusu Jairo Rodriges ardıcıl iki oyunda öz qapısına qol vuran yeganə futbolçudur. Bu, 2016-cı ilin avqustunda və oktyabrında baş tutan matçlarda təkrarlanıb. Həmçinin, derbi tarixində yalnız bir oyunda iki avtoqol qeydə alınıb: 21 may 2022-ci ildəki “Qarabağ” – “Neftçi” (4:1) matçında İvan Brkiç və Fərid Yusifli (hər ikisi “Neftçi”dən) səhvə yol veriblər. Ən maraqlı hadisələrdən biri də Mateus Saldanya ilə bağlıdır. O, 2 may 2023-cü ildəki (2:4) oyunda həm öz, həm də rəqib qapısına qol vuran yeganə futbolçu kimi tarixə düşüb.


Statistika göstərir ki, avtoqolların böyük əksəriyyəti qonaq komandalar tərəfindən (9 dəfə) edilib, meydan sahibləri isə 4 dəfə səhvə yol veriblər. “Qarabağ” evdə 1, səfərdə 4 dəfə avtoqola üzülüb. “Neftçi” isə evdə 3, səfərdə 5 avtoqol edib. Mövsümlər üzrə baxdıqda, ən çox avtoqol 2016/2017-ci illər mövsümündə – 3 dəfə qeydə alınıb. Bu üç fərqli matçın hamısında qolu öz qapısına vuran komanda “Neftçi” olub. Ümumi tendensiyaya görə, derbilərdəki ilk üç avtoqolu “Qarabağ”, son beş avtoqolu isə “Neftçi” edib.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: