Azərbaycan Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı müzakirə edib

12.11.2025 15:17 4 baxış sayı 3 dəq. oxuma Report
Azərbaycan Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı müzakirə edib

Noyabrın 12-də Azərbaycan Respublikası maliyyə nazirinin müavini Himalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüşdü. Görüşə Dünya Bankının İnstitutlar üzrə Qlobal İctimai Maliyyə və İnvestisiya İdarəçiliyi Təcrübə Meneceri Serdar Yılmaz rəhbərlik edirdi. Bu müzakirələr oktyabr ayında Maliyyə Nazirliyində keçirilmiş əvvəlki görüşün məntiqi davamı idi.


Tərəflər ortamüddətli xərclər çərçivəsini, nəticəəsaslı büdcə mexanizmlərini və dövlət maliyyə idarəçiliyində tətbiq edilən rəqəmsal platformaları müzakirə etdilər. Əsas diqqət Dünya Bankının dəstəyi ilə həyata keçirilən rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi layihəsinə yönəldi. Cənab Məmişov Azərbaycanın dövlət maliyyə idarəetməsindəki yeniliklər, xüsusilə də tətbiq edilən rəqəmsal platformalar haqqında geniş məlumat verdi. O vurğuladı ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi bütün sahələrdə rəqəmsal transformasiyanı dəstəkləyir. Bu təşəbbüslər dayanıqlı və şəffaf maliyyə idarəçiliyinin inkişafına xidmət edir. Nazir müavini qeyd etdi ki, layihə Rəqəmsal Dövlət Maliyyə İnformasiya sisteminin arxitekturasının formalaşmasına, həmçinin nəticəəsaslı büdcə idarəçiliyinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verəcək.


Serdar Yılmaz Azərbaycan Hökumətinin rəqəmsal transformasiya və dövlət maliyyə sistemlərinin müasirləşdirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. O, planlaşdırılan layihənin ölkədə dayanıqlı və şəffaf maliyyə idarəçiliyi üçün yeni imkanlar yaradacağını bildirdi. Görüşdə layihə çərçivəsində altı əsas modul ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu modullara dövlət maliyyə idarəetməsi sahəsində informasiya sistemləri, rəqəmsal texnologiyaların müəyyənləşdirilməsi, İKT idarəetmə sisteminin kastomizasiyası və infrastruktur ehtiyacları daxildir. Eyni zamanda, kibertəhlükəsizlik səviyyəsi, qarşılıqlı funksional əlaqələnmə və süni intellektə hazırlıq səviyyəsinin qiymətləndirilməsi məsələləri də müzakirə edildi. Sonda tərəflər layihənin uğurlu icrası üçün birgə fəaliyyətin və koordinasiyanın vacibliyini qeyd edərək, növbəti mərhələlər üzrə praktiki addımları razılaşdırdılar.


S
İqtisadi analitik

İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...

Bütün məqalələrə baxın
Paylaş: