Azərbaycan–Özbəkistan müttəfiqliyi yeni zirvədə

15.11.2025 14:56 4 baxış sayı 4 dəq. oxuma Trend
Azərbaycan–Özbəkistan müttəfiqliyi yeni zirvədə

Politoloq Azər Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibəni şərh edib. Onun fikrincə, bu müsahibə həm regional geosiyasətə, həm də Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin gələcək perspektivlərinə dair vacib mesajlar daşıyır. Politoloq bildirib ki, müsahibənin əsas xətti Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin, xüsusilə də Özbəkistanın strateji tərəfdaşlığının yeni bir mərhələyə yüksəldiyini təsdiqləyir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə artıq üçüncü dəfə iştirak etməsi Azərbaycanın bu regionla əlaqələri ardıcıl şəkildə dərinləşdirmək niyyətinin göstəricisidir.


Dövlət başçısının açıqlamaları göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələrini vahid tarixi-mədəni və geosiyasi məkanın bir hissəsi kimi görür. Bu baxışa görə, Xəzər dənizi iki region arasında ayırıcı deyil, əksinə, birləşdirici qüvvə kimi qiymətləndirilir. Mərkəzi Asiya ilə əlaqələr artıq sadəcə strateji tərəfdaşlıq deyil, müttəfiqlik səviyyəsinə qalxıb. Politoloq vurğulayıb ki, Azərbaycan regionla əməkdaşlığa yalnız ikitərəfli münasibətlər çərçivəsində yox, regional geosiyasi blok daxilində yanaşır. Bu əməkdaşlığın əsas dayağı və gələcək inkişaf xətti kimi Orta Dəhliz formalaşmaqdadır.


Müsahibədəki ən güclü ismarışlardan biri Prezident İlham Əliyevin Azərbaycan-Özbəkistan əlaqələrini ən yüksək – müttəfiqlik səviyyəsində qiymətləndirməsidir. Son illərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana beş dəfə səfər etməsi bu münasibətlərin nə qədər intensiv olduğunu təsdiqləyir. Özbəkistan Azərbaycanın qardaş ölkəsi və etibarlı müttəfiqidir. Müttəfiqlik Müqaviləsi və 2025–2029-cu illər üçün Yol Xəritəsi iki ölkəni institusional səviyyədə daha da yaxınlaşdırır. Ali Dövlətlərarası Şuranın təsisi isə münasibətlərin uzunmüddətli planlaşdırılmasına şərait yaradır. Azərbaycan-Özbəkistan əlaqələri yalnız diplomatik xarakter daşımır; onlar geoiqtisadiyyat, enerji, logistika və mədəni sahələri əhatə edən geniş spektrli bir müttəfiqlik modelinə çevrilib.


Azərbaycan Mərkəzi Asiya inteqrasiyasının fəal və ayrılmaz iştirakçısıdır, Özbəkistan ilə münasibətlər isə regionda nümunəvi əməkdaşlıq modeli sayılır. Azərbaycan bu regionla əlaqələrdə yumşaq gücdən, tarixi-mədəni yaxınlıqdan, nəqliyyat, enerji və iqtisadi layihələrdən vahid geosiyasi xətt kimi istifadə edir. Azərbaycan-Özbəkistan tandemi Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin lokomotivinə çevrilir. Bu tandem Türk dünyasının siyasi və iqtisadi xəritəsində yeni güc mərkəzinin formalaşmasına töhfə verir. Prezident Əliyevin müsahibəsi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin hazırda ən yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan geniş və çoxşaxəli əməkdaşlıq həyata keçirərək müasir türk dünyası inteqrasiyasının aparıcı qüvvələrindən birinə çevrilib.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: