Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzi açılıb

21.11.2025 11:47 12 baxış sayı 3 dəq. oxuma Report
Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzi açılıb

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni Regional Akselerasiya Mərkəzi Azərbaycanda fəaliyyətə başlayıb. Bu mərkəz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan BTİ arasında strateji əməkdaşlıq nəticəsində qurulub. Mərkəzin açılış tədbirində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, BTİ-nin baş katibi Dorin Boqdan-Martin və BTİ-nin Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava iştirak ediblər. Həmçinin, tədbirə çox sayda yerli və beynəlxalq dövlət və özəl təşkilatların nümayəndələri də qatılıb. Bu, MDB regionunda açılan ilk BTİ Akselerasiya Mərkəzidir. Onun yaradılma məqsədi startapları, biznes subyektlərini, dövlət qurumlarını və təhsil müəssisələrini bir araya gətirməkdir. Mərkəz innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsini dəstəkləmək üçün yaradılıb.


BTİ Akselerasiya Mərkəzi, BTİ-nin "Rəqəmsal İnkişaf üçün İnnovasiya və Sahibkarlıq Alyansı"nın bir hissəsidir. Alyans həyata keçirilən texnoloji layihələr vasitəsilə iqtisadi inklüzivlik və dayanıqlı inkişafı təşviq edir. Mərkəz bütün dünyada fəaliyyət göstərən 17 innovasiya mərkəzindən ibarət şəbəkənin üzvüdür. Bu şəbəkə rəqəmsal dünyada təhlükəsiz və etibarlı şəkildə irəliləmək üçün daha dayanıqlı və gələcəyə yönəlmiş yeni yanaşmalar inkişaf etdirməyi hədəfləyir. Akselerasiya Mərkəzləri dövlət və özəl sektor arasında əməkdaşlığın güclənməsində əsas platforma rolunu oynayır. Onlar sahibkarlıq potensialını real imkanlara çevirməyə kömək edir. Mərkəzin fəaliyyəti ölkənin milli prioritetlərini BTİ-nin qlobal missiyası ilə uzlaşdırır, beləliklə Azərbaycanın regional innovasiya lideri kimi mövqeyini artırır. Bu strateji tərəfdaşlıq regional müstəvidə innovasiya ekosisteminin inkişafına güclü təkan verəcək.


Açılış tədbirində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bu mərkəzin Azərbaycan və regionun digər ölkələrindən olan startaplar və layihələr üçün qovşaq olacağını bildirib. Startaplar Beynəlxalq Telekommunikasiya İttifaqının metodologiyasına və standartlarına əsasən tərtib olunan akselerasiya proqramlarında iştirak edə biləcəklər. Bu iştirak onların qlobal bazarlara çıxışını sürətləndirməyə kömək edəcək. Eyni zamanda, qabaqcıl dünya təcrübəsi ölkəmizdə innovasiya mədəniyyətinin inkişafına şərait yaradacaq. Regional Akselerasiya Mərkəzi Azərbaycan İnnovasiya Mərkəzinin inzibati binasında yerləşir. Burada tədbir zalları, iclasların və təqdimatların keçirilməsi üçün otaqlar, habelə təlim və kovörkinq sahəsi mövcuddur.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: