AzMİU-nun 50 illik yubileyi ərəfəsində Məzun Assosiasiyasının növbəti görüşü keçirilib (FOTO)

28.11.2025 09:36 12 baxış sayı 4 dəq. oxuma Trend
AzMİU-nun 50 illik yubileyi ərəfəsində Məzun Assosiasiyasının növbəti görüşü keçirilib (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi yaxınlaşarkən, AzMİU Məzunlar Assosiasiyasının növbəti görüşü təşkil olundu. Tədbirdə universitet rəhbərliyi, ölkənin öndə gedən inşaat və memarlıq şirkətlərinin nümayəndələri, eləcə də tanınmış mütəxəssislər və müxtəlif illərin məzunları iştirak etdilər. Görüş Assosiasiyanın sədri, PMD Projects-in direktoru Nəriman Topçibaşevin açılış nitqi ilə başladı. O, Assosiasiyanın fəaliyyət istiqamətləri, görülən işlər və gələcək planlar haqqında məlumat verdi.


Nəriman Topçibaşev şirkətlər və universitet arasında əməkdaşlığın hazırda ən prioritet məsələlərdən birinə çevrildiyini qeyd etdi. O bildirdi ki, kadr potensialını gücləndirmək üçün universitetlə birlikdə çalışmaq çox vacibdir. Qarşıda Assosiasiyanın fondunun yaradılması planlaşdırılır. Bu fond vasitəsilə universitetin maddi-texniki bazası gücləndiriləcək. Fond həmçinin qayğıya ehtiyacı olan tələbələrə təqaüdlərin verilməsini və digər sosial layihələrin həyata keçirilməsini mümkün edəcək. Bu maliyyə dəstəyi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün mühüm bir addımdır.


AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məzunların universitet ətrafında birləşməsinin böyük məmnunluq doğurduğunu vurğuladı. O qeyd etdi ki, AzMİU istehsalatla əlaqələrin və məzunlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Rektor məzunları universitetin ayrılmaz bir hissəsi sayır. Ali təhsil üzrə dünya standartlarında məzunlarla əlaqə mühüm inkişaf meyarı kimi təqdim olunur. Rektor qeyd etdi ki, məzunlarla sıx əməkdaşlıq həm tədrisin keyfiyyətinin artırılmasına, həm də kadr hazırlığında real bazar tələblərinin universitetə çatdırılmasına əhəmiyyətli töhfə verəcək.


Professor Gülçöhrə Məmmədova, həmçinin Assosiasiyanın universitetin yataqxana kompleksinin bərpası ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirdi. O bildirdi ki, yataqxananın əsaslı təmiri və tələbələrin istifadəsinə verilməsi AzMİU üçün prioritet məsələlərdən biridir. Görüş çərçivəsində yataqxana kompleksinin bir binasının mövcud vəziyyəti ilə bağlı video nümayiş edildi. Assosiasiya sədri Nəriman Topçibaşev binanın ilkin baxışdan keçirildiyini, ölçmə işlərinin aparıldığını və müvafiq qurumlara müayinələrin həyata keçirilməsi üçün müraciət olunduğunu söylədi. Digər məzunlar çıxışlarında yataqxana binasının müayinələrdən sonra qısa müddətdə bərpa olunması zərurətinə diqqət çəkdilər. Onlar tələbələrin ödənişli istehsalat təcrübələrinə cəlb edilməsi və universitet-istehsalat əlaqələrinin daha da genişləndirilməsi kimi mövzulara toxundular.


Tədbirdə inşaat və memarlıq sahəsində ixtisaslaşmanın vacibliyi xüsusi vurğulandı. Qeyd olundu ki, inşaat üzrə təhsili olmayan şəxslərin inşaat mühəndisi və ya memarlıq üzrə təhsili olmayanların memar kimi fəaliyyət göstərməsi ciddi təhlükələr yarada bilər. Bu problemin aradan qaldırılması üçün universitetlə şirkətlər arasında birgə çalışma zəruridir. Sonda həyata keçirilən layihələrin miqyasını artırmaq məqsədilə Assosiasiyaya yeni üzvlərin qəbulu məsələsinə baxıldı. Həmçinin, yaxın günlərdə keçiriləcək 50 illik yubileylə bağlı hazırlıq işləri və məzunların bu tədbirdə iştirakı da müzakirə edildi. Assosasiya yarandığı gündən universitetlə əməkdaşlığı genişləndirib, bir sıra layihələr icra edib, tələbələr üçün ödənişli təcrübə proqramları elan edib. Bütün bu işlər universitetin inkişafına birbaşa təsir göstərir.


V
Peşə təhsili müxbiri

Peşə təhsili və kadr hazırlığı mövzusunda yazıram. Gənclərin hansı peşələrə yönəldiklərini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: