Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq (VİDEO)

28.10.2025 11:56 6 baxış sayı 3 dəq. oxuma Trend
Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq (VİDEO)

Oktyabrın 31-dən noyabrın 2-dək Bakı "Fly to Baku. Art Weekend. Sense the Future NOW” adlı möhtəşəm İncəsənət Festivalına ev sahibliyi edəcək. Bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı vahid bir məkanda birləşdirir. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Təşkilatçılıq işləri Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin əməkdaşlığı, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan Sudur. Layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflər üçün canlı səhnəyə çevirməyi məqsəd qoyur, xüsusi diqqəti okeanlar və dənizlərdəki ekoloji vəziyyətə yönəldir.


Festival çərçivəsində tədbirlərdən biri İçərişəhərdə yerləşən XVII əsrə aid tarixi Yeraltı hamamda keçiriləcək. Burada “Axar yaddaş” adlı kollektiv sərgi nümayiş etdirilir. Bu ekspozisiya hamam mədəniyyətinin müasir yozumunu təqdim edir. Sərgidə əməkdar rəssam Səbinə Şıxlinskaya, gənc istedadlar Nərgiz Əsgərova, Aliyə Bayramova və Timur Zaripoviç iştirak edirlər. Sərginin kuratoru Mənsurə Məmmədəliyeva bildirib ki, ekspozisiya Azərbaycanın hamam mədəniyyətinin və tarixinin çoxqatlı semantikasını su, yaddaş və təmizlik prizmasından araşdırır. Onun sözlərinə görə, bu sərgi çərçivəsində hamam yalnız fiziki məkan kimi deyil, eyni zamanda sosial münasibətlərin, şəxsi xatirələrin və mədəni varisliyin daşıyıcısı kimi təqdim edilir. Rəssamların əsərləri bu məkanı axar yaddaşın, nəsilləri və təcrübələri birləşdirən bir sahə kimi göstərir.


Səbinə Şıxlinskaya sərgidə 2006-cı ildə hazırlanan "Hamam" adlı video-installasiyanı təqdim edir. Bu əsər bu illər ərzində müxtəlif versiyalarda təxminən on beş ölkədə uğurla nümayiş etdirilib. Rəssam bu işdə sufi təmizlənmə ritualını araşdırır. O, hamamın tarixən təkcə fiziki deyil, həm də mənəvi saflaşmanı simvolizə etdiyini vurğulayır. Onun işi həm də milli irsin qorunmasına və ona sevgi ilə yanaşmağa yönəlib. İnteraktiv installyasiya Xalq artisti, bəstəkar Fərac Kərayevin "Nostalgiya” əsəri ilə müşayiət olunur. Digər bir əsər, Nərgiz Əsgərovanın “Su kimi ol” adlı nano video-art işidir. Bu əsər suyun mədəni və simvolik qatlarını dərindən araşdırır. Müəllif nano-art texnologiyalarından istifadə edərək suyun kimliyi qoruyan transformasiya gücünü ön plana çəkir. Festivalın bu fərqli elementləri beynəlxalq incəsənət ictimaiyyəti ilə səmərəli dialoqa təkan verir. Giriş sərbəstdir.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: