"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı məhkəmə başlayıb

27.11.2025 06:54 14 baxış sayı 3 dəq. oxuma APA
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı məhkəmə başlayıb

“Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İşdə təqsirləndirilən şəxs Bakı Su Kanal İdarəsinin qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovdur. Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildi, hüquq və vəzifələri izah edildi.


Azər Cümşüdovun vəkili Anar Ramazanov işə yeni qoşulduğunu bildirdi. O, bu səbəbdən cinayət işinin materialları ilə tanış olmadığını qeyd etdi. Vəkil bəzi sübutların çıxarılması və ya işə əlavə edilməsi ilə bağlı vəsatətlərin yalnız hazırlıq iclasında verilə biləcəyini vurğuladı. Buna görə də o, məhkəmədən iclasın təxirə salınmasını xahiş etdi. Cümşüdov özü də vəkili ilə razılaşaraq, bu cinayət işi ilə əlaqəsinin olmadığını söyləyib. "Cinayət işi ilə tanış deyiləm. Özümü isə qəti təqsirli bilmirəm," deyən Cümşüdov, həmin dövrdə orada işləməməsinə dair sübutlarının olduğunu iddia edib. Onun sözlərinə görə, bu faktı təsdiqləyən müvafiq əmrlər var. Məhkəmə bu xahişi nəzərə alaraq hazırlıq iclasını dekabrın 9-na təxirə salıb.


Baş Prokurorluğun rəsmi məlumatında faciənin detalları yer alır. Hadisə iyunun 26-da, saat 20:30-da Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində baş verib. 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Axtarışlar nəticəsində oğlanın meyiti iki gün sonra, iyunun 28-də, Hövsan qəsəbəsindəki kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Araşdırmalar göstərdi ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin Bakı Su Kanal İdarəsinin balansında idi və həmin idarə tərəfindən istismar olunurdu. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ilə cinayət işi başlanıb. Təqsirləndirilən Azər Cümşüdov həbs edilməyib, barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: