“Böyük Qayıdışa aparan yollar” sərgi-təqdimat keçirilib

31.10.2025 09:05 6 baxış sayı 5 dəq. oxuma APA
“Böyük Qayıdışa aparan yollar” sərgi-təqdimat keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxtdakı "Qalereya-1969" sərgi salonunda “Böyük Qayıdışa aparan yollar” adlı sərgi-təqdimat keçirib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Fotoqrafları Birliyinin fəxri üzvü, ictimai-siyasi fotojurnalistikanın tanınmış veteranı Rafiq Bağırovun müxtəlif illərdə çəkdiyi fotoşəkillərdən ibarət sərgiyə baxıblar. Bu fotoşəkillərdə Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründəki fəaliyyəti əks olunurdu. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nəticələri də göstərilib. Fotoşəkillərdən bir neçəsi ilk dəfə nümayiş etdirilirdi.


Daha sonra sərgi salonunda Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında hazırlanmış videoçarxlar nümayiş olundu. Bu videoçarxlar məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıtması üçün aparılan məlumatlandırma və təbliğat işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda çəkilmişdi. Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbir barədə məlumat verərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin qazandığı nailiyyətlərin, o cümlədən Böyük Zəfərin və nəticədə başlanmış Böyük Qayıdışın hazırda dünyanın diqqət mərkəzində olduğunu vurğuladı. O, bu cür tədbirlərin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təşkil edildiyini qeyd etdi. Tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov da açılış nitqi ilə çıxış etdi.


Milli Məclisin sədrinin müavini, akademik Rafael Hüseynov çıxış edərkən bildirdi ki, ölkədə qaçqınlara və məcburi köçkünlərə daim diqqət göstərilib. O qeyd etdi ki, bu siyasətin əsasını Heydər Əliyev qoyub, Prezident İlham Əliyev isə uğurla davam etdirib. Natiq Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründə atəşkəs əldə edilməsinin, “Əsrin müqaviləsi”nin imzalanmasının və müasir ordunun formalaşdırılmasının əhəmiyyətindən danışdı. O əlavə etdi ki, cənab İlham Əliyev seçildikdən sonra verdiyi bütün vədləri yerinə yetirdi. Onun təşəbbüsü ilə 300 min insan yeni ev və ya mənzillə təmin edildi, məcburi köçkünlər qısa müddətdə çadır düşərgələrindən müasir tipli qəsəbələrə köçürüldü. Dövlət başçısının hərbi-siyasi qətiyyəti və ordumuzun rəşadəti nəticəsində torpaqların azad edilməsi məcburi köçkünlərin doğma yurda qayıdışına şərait yaratdı. Hazırda Böyük Qayıdış uğurla davam edir, Qarabağın və Şərqi Zəngəzurun dirçələn şəhər və kəndləri öz daimi sakinlərinə qovuşur.


Akademik həmçinin xatırlatdı ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qaçqınlara və məcburi köçkünlərə təsirli dəstək göstərir. Beşinci ili tamam olan tarixi Zəfərdən sonra başlanmış Böyük Qayıdış prosesi Azərbaycan dövlətinin keçmiş məcburi köçkünlərlə bağlı siyasətinin ifadəsidir. Həyata keçirilən tədbirlər uzun illər didərgin düşmüş vətəndaşların təhlükəsiz və dayanıqlı şəkildə geri qayıtması üçündür. Qeyd olundu ki, cənab İlham Əliyevin tapşırığına uyğun icra edilən Böyük Qayıdış tək insanların öz yurdlarına qayıdışı deyil, həm də tarixi həqiqətə və mənəvi köklərə qovuşmaqdır. Tədbirdə iştirak edən keçmiş məcburi köçkün Səma Məmmədova uşaqlıq illərində Heydər Əliyevin onlara göstərdiyi qayğıkeş münasibətini xüsusi vurğuladı. Şuşa və Ağdam rayonlarından olan digər keçmiş məcburi köçkünlər də çıxış edərək, Böyük Qayıdışın milli həmrəyliyin və dirçəliş ruhunun parlaq təzahürü olduğunu bildirdilər. Onlar doğma yurd yerlərinə yenidən qovuşmağın onlara böyük sevinc bəxş etdiyindən danışdılar.


Sərgi-təqdimatda “Böyük Qayıdışa gedən yollar” adlı videoçarxın da təqdimatı oldu. Videoçarx azad edilmiş torpaqlarda həyatın yenidən doğuluşunu sənədli kadrlarla əks etdirir. Rafiq Bağırov yaradıcılığına göstərilən diqqətə və sərginin təşkilinə görə Dövlət Komitəsinə minnətdarlıq etdi. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: