Böyük Zəfərin Qubadlı səhifəsi - Xanlar Fətiyev

25.10.2025 06:27 14 baxış sayı 6 dəq. oxuma Trend
Böyük Zəfərin Qubadlı səhifəsi - Xanlar Fətiyev

Oktyabrın 25-i Vətən müharibəsi tarixinin ən əlamətdar hadisələrindən birinin- Qubadlı şəhərinin işğaldan azad edilməsinin 5-ci ilidir. Bu hərbi uğur Azərbaycan Ordusunun düşmən üzərindəki strateji üstünlüyünü xeyli artırdı, qələbə gününü daha da yaxınlaşdırdı. Milli Məclisin deputatı Xanlar Fətiyev Trend-ə verdiyi açıqlamada bu hadisənin əhəmiyyətini vurğulayıb.


Qubadlı rayonu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırdığı 1988-ci ildən bəri silahlı təcavüz və terrorla qarşı-qarşıya qalmışdı. Bu vəziyyətin əsas səbəbi rayonun Ermənistan və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə sərhəddə yerləşməsi idi. Həmin vaxtdan erməni silahlıları hər iki istiqamətdən Qubadlının yaşayış məntəqələrinə hücumlar edərək dinc əhaliyə qarşı davamlı terrorlar törədirdilər. 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunan Qubadlının sakinləri məcburi köçkün vəziyyətinə düşərək ölkəmizin fərqli yerlərində yerləşdirilmişdilər. İşğal nəticəsində Qubadlıda 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdı. Əlavə olaraq, Ermənistan Qubadlıda qanunsuz məskunlaşma aparmışdı. Xarici ölkələrdən gətirilən ermənilər buraya yerləşdirilmiş, hətta erməni diasporunun vəsaiti ilə rayonun Xanlıq kəndi ərazisində qəsəbə salınmışdı. Cenevrə konvensiyalarına görə, işğal edilən torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş sayılır. Bununla da Ermənistan işğal dövründə növbəti cinayətə imza atmışdı.


Vətən müharibəsi günlərində Cəbrayıl, Hadrut, Füzuli və Zəngilanın azad edilməsindən sonra Azərbaycan xalqı növbəti qələbə xəbərinin Qubadlıdan gələcəyinə əmin idi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun sürətli hücumu bu inamı daha da gücləndirdi. Zəngilanın işğaldan azad edilməsindən cəmi 5 gün sonra- oktyabrın 25-də Müzəffər Ali Baş Komandan sosial şəbəkə hesabından Qubadlının da işğaldan azad edilməsinin müjdəsini verdi. O, "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” sözlərini bildirmişdi. Qubadlı şəhərinin işğaldan azad edilməsi əməliyyatı yüksək peşəkarlıq tələb etdi, çünki şəhərdə ermənilər çox güclü istehkamlar qurmuşdular. Bundan başqa yaxınlıqdakı yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi və buradan hərbçilərimizə atəş açılırdı. Həmçinin Azərbaycan Ordusunun bölmələrinə Ermənistan ərazisindən də atəş açılırdı. Odur ki, şəhəri azad etmək üçün əvvəlcə yüksəkliklər düşməndən təmizlənməli idi. Azərbaycan Ordusunun olduqca dəqiq hazırlanan hücum əməliyyatı nəticəsində öncə şəhərə hakim olan strateji yüksəkliklər və Xanlıq, Padar, Sarıyataq kəndləri nəzarətə götürüldü. Ardınca Qubadlı şəhəri azad olundu. Ümumilikdə, noyabrın 9-dək Qubadlı şəhərindən başqa rayonun 41 kəndi işğaldan azad edildi. Qubadlıdan sonra Azərbaycan Ordusunun Laçın istiqamətində hücumları başladı, bu da müharibənin gedişində mühüm dönüş nöqtəsi oldu.


Vətən müharibəsindən sonra Qubadlı rayonunun tarixində yeni mərhələ başlayıb. Düşmənin dağıtdığı rayon bu mərhələdə bərpa edilir və yenidən qurulur. Prezident İlham Əliyev hələ 2021-ci il oktyabrın 25-də Qubadlıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdi ki, “Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur... Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq”. Ötən dövr göstərir ki, dövlətimizin başçısının bu sözləri sürətlə həyata keçir, Qubadlıda həyat yenidən canlanır. Prezident Aliyev indiyədək bir neçə dəfə Qubadlıya səfər edib, bu səfərlərin hər biri bərpa və quruculuq işlərinə təkan verib. Qubadlıda da digər rayonlarda olduğu kimi quruculuq işləri yeni infrastrukturların yaradılması ilə başlayıb. İndiyədək sistem əhəmiyyətli “Qubadlı” yarımstansiyası istifadəyə verilib. Hazırda rayonda Xudafərin-Qubadlı-Laçın, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Yeni Qubadlı-Laçın və Xanlıq-Qubadlı yollarının tikintisi aparılır, şəhərdə daxili yollar inşa edilir. 2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəb binasının, 91 yataqlıq Mərkəzi Xəstəxana binasının təməlini qoyub. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı da təsdiq edilib. Bərpa işləri kəndləri də əhatə edir. Artıq Xınalıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Rayonun su ehtiyatlarından səmərəli istifadə etmək üçün “Zabuxçay” və “Bərgüşadçay” su anbarları inşa olunur ki, bu da on minlərlə hektar torpağın suvarma suyu ilə təmin edilməsinə kömək edəcək. Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Azadlığının sevincini yaşayan bu yurd yerimiz möhtərəm Prezidentimizin quruculuq əzminin nəticəsi olaraq tezliklə Azərbaycanın ən gözəl ünvanlarından biri olacaq.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: