BŞİH qışa hazırlıqla bağlı hər bir rayona cavabdeh şəxs təyin edib

19.11.2025 05:36 6 baxış sayı 3 dəq. oxuma Trend
BŞİH qışa hazırlıqla bağlı hər bir rayona cavabdeh şəxs təyin edib

Bakı şəhərinin bütün rayonlarında təsdiqlənmiş tədbirlər planına uyğun olaraq qış mövsümündə qarlı havalara hazırlıq işləri davam edir.


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) verdiyi məlumata görə, bu hazırlıq çərçivəsində ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi texnikaları hazır vəziyyətə gətirilib. Eyni zamanda, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri görülüb və əlavə tədbirlər həyata keçirilib.


Görülən işlərə nəzarət etmək üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin olunub. Bu şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birlikdə rayonlarda qarlı havalara hazırlıq tədbirlərinin keçirilməsini mütəmadi olaraq yoxlayır, verilən tapşırıqların və icraatın vəziyyətini nəzarətdə saxlayırlar.


Hazırlıqlar Binəqədi, Yasamal və Nərimanov rayonlarında keçirilən operativ müşavirələrlə gücləndirildi. Bu toplantılar qış hazırlığı tədbirlərini müzakirə etmək məqsədi daşıyırdı. Müşavirələrdə BŞİH-in məsul şəxsləri, rayon rəhbərlikləri, kommunal-təsərrüfat idarələri, təhsil müəssisələri və digər aidiyyəti qurumların, həmçinin özəl sektorun nümayəndələri iştirak etdi. Toplantılar zamanı hər bir sahə rəhbərinin hesabatı dinlənilib, tələb olunan tədbirlər müzakirə edilib.


Müşavirələrdə hər bir rayon qurumunun qış aylarında üzərinə düşən vəzifələri dəqiq bilməsi vacibliyi vurğulandı. Onlar yarana biləcək problemləri operativ həll etməyi bacarmalıdır. Ərazilərdə kifayət qədər duz və lazımi invertar ehtiyatı yaradılmalıdır. Hər bir təşkilat mövsümə hazırlıq tədbirlərində fəal iştirak etməlidir. Yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq addımlar atılmalıdır. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların mövcud texnikasının da cəlb edilməsi qərarı verilib.


Toplantılar nəticəsində rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyən edildi və cavabdeh şəxslərə xüsusi tapşırıqlar verildi. Bundan əlavə, ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə müraciət edildi. Onlar qarlı günlərdə Avropa ölkələrində qəbul edilən qaydalara uyğun olaraq, özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırıldı. Bu tədbirlər qış şəraitində şəhər fəaliyyətinin davamlılığını təmin etməyə yönəlib.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: