Cəmiyyət üçün əhəmiyyətli olan əsas bacarıqlardan biri məlumatı sorğulamağı bacarmaqdır - Dekan

05.12.2025 09:36 11 baxış sayı 3 dəq. oxuma Trend
Cəmiyyət üçün əhəmiyyətli olan əsas bacarıqlardan biri məlumatı sorğulamağı bacarmaqdır - Dekan

Azərbaycanda media savadlılığı həm ayrıca fənn kimi tədris edilir, həm də müəyyən elementlər jurnalistika ixtisası ilə bağlı dərslərin proqramına əlavə edilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bu fikirləri Azərbaycan-Gürcüstan Media Forumunda, "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda keçirilən panel sessiyada səsləndirib.


Zifəroğlu vurğulayıb ki, praktiki yanaşmada əsas məsələ xəbər hazırlanması prosesində informasiyanın hansı meyarlar əsasında işlənməsini, hansı norma və prinsiplərə əməl olunmasını öyrətməkdir. Bu, analitik və araşdırma jurnalistikası zamanı mövzuların işlənməsi, faktların toplanması, doğru sorğu aparma üsulları və sualların düzgün qoyuluşu kimi vacib bacarıqların aşılanmasını tələb edir. Bu meyarlar obyektivlik və dəqiqlik prinsiplərindən kənara çıxmamaq üçün böyük əhəmiyyət daşıyır. Praktiki dərslər və tapşırıqlar zamanı bu incəliklər xüsusi olaraq nəzərə alınır.


Dekan bildirib ki, media savadlığı yalnız jurnalistlər üçün deyil, bütün cəmiyyət üçün əhəmiyyətli olan əsas bacarıq, məlumatı sorğulamağı bacarmaqdır. Hər kəs əldə etdiyi informasiyanın həqiqəti nə dərəcədə əks etdirdiyini müəyyənləşdirmək qabiliyyətinə malik olmalıdır. İnternet və informasiya kanalları bizə çoxsaylı alternativ mənbələr təqdim edir. Bu, bir mənbədən alınan məlumatın həqiqətə uyğunluğunu digər müstəqil və paralel mənbələrdən yoxlamaq imkanı yaradır. Bunun üçün sadəcə, "bu, nə dərəcədə həqiqət ola bilər?" sualını vermək, yəni, sorğulamağı bacarmaq kifayətdir.


BDU nümayəndəsi, bu mövzunun əhəmiyyətini göstərmək üçün Azərbaycana qarşı aparılan informasiya müharibəsi nümunəsini xatırladıb. Bu müharibə çərçivəsində internetdə, o cümlədən tanınmış platformalarda Azərbaycanın tarixi faktları, şəxsiyyətləri, bölgələri və toponimlərinə dair çoxlu sayda yalan məlumatlar yayılmışdı. 2010-cu illərdə gənclərin başlatdığı könüllü hərəkat həmin dezinformasiyaları aradan qaldırmağa yönəlmişdi. Jurnalistika fakültəsinin tələbələri bu prosesə fəal qoşularaq mətnlərin tərcüməsinə, faktların yoxlanılmasına və mənbələrin dəqiqləşdirilməsinə yardım edirdilər. Bu nümunələr göstərir ki, məlumati sorğulamaq və onu paralel mənbələrlə yoxlamaq, onun həqiqəti əks etdirmə dərəcəsini müəyyənləşdirmək, media savadlılığının ən vacib komponentidir.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: