COP30-da Belen Kommunikesi qəbul edilib (FOTO)

13.11.2025 05:46 8 baxış sayı 3 dəq. oxuma Trend
COP30-da Belen Kommunikesi qəbul edilib (FOTO)

Noyabrın 12-də COP30 çərçivəsində COP29-un aparıcı təşəbbüsü olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) İllik Yüksəksəviyyəli Dialoqu baş tutdu. Tədbir Yaşıl İqlim Fondu (GCF) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə keçirildi. Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv ölkələrin nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri, BMT qurumları və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər. Əsas məqsəd iqlim dəyişiklikləri və sülh əlaqəsi üzrə qlobal gündəliyi daha da irəlilətməkdən ibarət idi. Yüksəksəviyyəli Dialoqun sonunda vacib yekun sənəd olan Belen Kommunikesi qəbul edildi.


Dialoq "Sülh, Yardım və Bərpa naminə İqlim Fəaliyyəti üzrə Bakı Çağırışı" adı altında aparıldı. Tədbirin açılışında çıxış edən COP29 Sədri Muxtar Babayev Bakı Mərkəzinin iqlim fəaliyyəti ilə sülh və sabitlik arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyduğunu qeyd etdi. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakı Mərkəzinin artıq iqlim və münaqişələrdən əziyyət çəkən ölkələrdə innovativ modellərə əsaslanan pilot layihələrin icrasına başladığını bildirdi. Səfir bu vəzifənin Mərkəzə verilməsinin beynəlxalq tərəfdaşların Azərbaycanın etibarlı xarici siyasətinə və iqlim diplomatiyasına inamının nümunəsi olduğunu dəyərləndirdi. Yaşıl İqlim Fondunun İcraçı Direktoru Mafalda Duarte Bakı Mərkəzinə tam dəstək ifadə etdi. O, bu təşəbbüsün iqlim maliyyəsini sülh və dayanıqlılıq nəticələri ilə birləşdirmək, həssas ölkələrə yardımı artırmaq sahəsində önəmli beynəlxalq mexanizmə çevrildiyini qeyd etdi.


Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Mərkəzin ölkəmizin digər vacib təşəbbüsü olan “Bakıdan Belenə Yol Xəritəsi”nin icrasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirdi. Tədbirdə konkret addımlar atıldı: ilk pilot layihələr üzrə Birgə İşçi Qruplarının yaradılmasına dair Anlaşma Memorandumları imzalanıb. Bu sənədlər Bakı Mərkəzi ilə Qvineya-Bisau Ətraf Mühit, Biomüxtəliflik və İqlim Fəaliyyəti Nazirliyi, eləcə də Qambiya Ətraf Mühit, İqlim və Təbii Sərvətlər Nazirliyi arasında imzalandı. Qambiya, Fici, Qvineya-Bissau, İraq və Malavinin nümayəndələri Bakı Mərkəzinin qısa müddətdə qlobal miqyasda mühüm əməkdaşlıq platformasına çevrildiyini vurğuladılar. Onlar Azərbaycan dövlətinə beynəlxalq sülhün irəlilədilməsi sahəsindəki liderliyinə, həmçinin həssas ölkələrə göstərdiyi davamlı dəstəyə görə təşəkkür etdilər.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: