CRC və CEDAW Komitəsinin tövsiyələrinin icra vəziyyəti müzakirə edilib (FOTO)

03.12.2025 00:06 11 baxış sayı 4 dəq. oxuma Trend
CRC və CEDAW Komitəsinin tövsiyələrinin icra vəziyyəti müzakirə edilib (FOTO)

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi (CRC) və Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) tövsiyələrinin icrası üçün yaradılmış işçi qrupun növbəti iclası keçirildi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkil etdiyi bu iclasda aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edirdi. Görüşdə BMT-nin CRC və CEDAW Komitələrinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı verdiyi tövsiyələrin icra vəziyyəti müzakirə edildi. Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, son beş ildə Azərbaycanın həm Uşaq Hüquqları Konvensiyası, həm də Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiyanın icrası ilə bağlı yüksək səviyyəli dövri hesabatlar təqdim etdiyini söylədi. O qeyd etdi ki, bu hesabatlar ölkənin müvafiq sahələrdəki fəaliyyətinin bütün istiqamətlərini konkret rəqəmlər, yeni mexanizmlər və qanunvericilikdə aparılan islahatlarla tam şəkildə əks etdirir.


Komitə sədri CRC və CEDAW tövsiyələri üzrə görülən işlərin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini bildirdi. O, Dövlət Komitəsi yanında aidiyyəti dövlət qurumlarının rəhbər və mütəxəssislərinin təmsil olunduğu iki İşçi Qrupun yaradıldığını və bu qrupların müntəzəm iclaslar keçirdiyini diqqətə çatdırdı. Muradova vurğuladı ki, qarşıda duran çətinlikləri aradan qaldırmaq, ölkənin qoyduğu strateji hədəflərə uyğun fəaliyyət istiqamətlərini formalaşdırmaq üçün birgə müzakirələr aparmaq və səyləri birləşdirmək çox vacibdir. Daha sonra, Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva CRC tövsiyələrindən irəli gələn məsələlərin icra vəziyyətinə dair təqdimatla çıxış etdi. O, Komitənin tövsiyələrini 13 kateqoriya üzrə təqdim etdi, ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən tədbirləri və fəaliyyətin bir sıra prioritet istiqamətlərini göstərdi.


Ardınca, Komitənin Qadın və Gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova CEDAW tövsiyələri ilə bağlı təqdimatla çıxış etdi. Rəhimova son üç il ərzində fərqli istiqamətlər üzrə görülmüş işləri və qanunvericilikdə edilmiş müsbət dəyişiklikləri çatdırdı. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ədliyyə nazirinin müavini Mübariz Əhmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri də çıxış etdilər. Onlar qanunvericilik, əlaqələndirmə, uşaq ədliyyəsi, təhsil, sağlamlıq xidmətləri, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi və uşaqların ekoloji sağlamlığı kimi məsələlərlə bağlı fikirlərini səsləndirdilər. İclas zamanı prioritet istiqamətlər, aparılmış islahatlar, mövcud çətinliklər və gələcək addımlar ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələr qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində milli qanunvericiliyin təkmilləşdirilməsi məsələlərinə yönəldi.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: