“Dəmiryolu və avtomobil tunellərinin layihələndirmə normaları” təsdiqləndi

07.11.2025 09:56 7 baxış sayı 3 dəq. oxuma Trend
“Dəmiryolu və avtomobil tunellərinin layihələndirmə normaları” təsdiqləndi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmə normaları" adlı sənədi təsdiqlədi. Kollegiyanın sədri Anar Quliyev yeni qaydaları təsdiqləyən qərarı imzalayıb. Bu sənəd ümumi şəbəkə dəmir yollarında (1520 mm rels izi ilə) və bütün dərəcəli ümumi istifadədə olan avtomobil yollarında yeni tikilən və yenidən qurulan tunellərin layihələndirilməsinə və tikintisinə şamil olunur.


Bu layihələndirmə normaları nəqliyyat infrastrukturunun əsas tələblərini müəyyən edir. Bununla belə, normalar yüksək sürətli dəmir yolu xətlərinə (saatda 200 km-dən artıq) və sürətli avtomagistrallara (hesablama hərəkət sürəti saatda 150 km-dən artıq), eləcə də şəhər nəqliyyatı tunellərinə tətbiq edilmir. Tunellər bütün istismar müddəti ərzində nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkət etməsini, inşaat konstruksiyalarının asan və qənaətli saxlanmasını, xidmət personalının təhlükəsiz əmək şəraitini və ətraf mühitin mühafizəsini təmin etməlidir. Bu qurğular, eyni zamanda, "Avtomobil yolları haqqında," "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında," və "Texniki təhlükəsizlik haqqında" daxil olmaqla, Azərbaycan Respublikasının aidiyyəti qanunlarının tələblərinə uyğun olmalıdır.


Yeni qaydalar tunellərin yerləşdirilməsi ilə bağlı ciddi məhdudiyyətlər qoyur. Tunellərin tektonik qırılma zonalarında, sürüşmə sahələrində, intensiv su yığılması olan yerlərdə və karst təhlükəli ərazilərdə tikilməsinə icazə verilmir. Həmçinin, tunelin girişlərinin (portallarının) və ətraf sahələrinin qar uçqunlarının, sel axınlarının və daşqopmaların mümkün olduğu yerlərdə yerləşdirilməsinə yol verilmir. Qəbul olunan texniki həllər tunel geyimlərinin istismar müddətinin 100 ildən az olmamasını tələb edir. Daimi qurğuların əsas təmirlərarası müddəti ən azı 50 il olmalıdır. Yeraltı hissədəki tunellərin daimi geyimi olmalıdır; yalnız sərt qaya qruntlarında yerləşən tunelyanı qurğular istisna edilir. Təhlükəli geoloji proseslər zonasında zəruri mühafizə qurğuları nəzərdə tutulmalıdır.


Təhlükəsizliyi artırmaq üçün tunellərdə kameralar və divar oyuqları olmalıdır. Kameralar tunelin hər iki tərəfində şahmat qaydasında və 300 metrdən artıq olmayan məsafələrdə yerləşdirilərək qurulur. Tunel 300 metrdən 500 metrə qədər uzunluqda olarsa, ortada bir kamera kifayətdir. Uzunluq 500 metrdən 700 metrə qədər olduqda isə hər iki tərəfdə bərabər məsafədə yerləşən iki kamera zəruridir. Divar oyuqları kameralar arasında, 60 metrdən bir, tunelin hər iki tərəfində yerləşdirilməlidir. Avtomobil yolları tunellərində kameralar tələb olunmur. Tunel tipli yol ötürücülərində isə həm kamera, həm də oyuqlar nəzərdə tutulmur.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: