Dövlət bayrağı xalqımızın qürur mənbəyidir

09.11.2025 08:47 10 baxış sayı 4 dəq. oxuma Trend
Dövlət bayrağı xalqımızın qürur mənbəyidir

Bu gün Azərbaycanda dövlətçiliyimizi şərəfləndirən əlamətdar tarixlərdən biri - Dövlət Bayrağı Günü qeyd olunur. Prezident İlham Əliyev cənablarının 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi təsis edildi. Bu qərar tariximizə, rəmzlərimizə və dövlətçilik ənənələrimizə olan yüksək ehtiramın bir nümunəsidir. Hər bir xalqın dövlətçiliyinin və kimliyinin əsas göstəricisi məhz onun dövlət bayrağıdır. Bayraq xalqın öz taleyinə sahib çıxmasının, milli dünyagörüşünün, mənəvi aləminin mühüm atributu sayılır. Azərbaycan xalqının üçrəngli bayrağı da onun üçün fəxr və qürur mənbəyidir. Tarixi 1918-ci ildən başlayan bayrağımız, xalq olaraq dövlətçilik dəyərlərimizə, tarixi azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərimizə sadiq qaldığımızı nümayiş etdirir.


Dövlət bayrağımız ilk dəfə 107 il öncə, 1918-ci il noyabrın 9-da ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının binası üzərində qaldırılan bayrağımız 1920-ci ilin aprel ayına qədər dövlət statusuna malik olub. Bayrağımızdakı rənglərin hər biri dərin mənalar ifadə edir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını göstərir. Qırmızı rəng müasir cəmiyyət qurmaq istəyini simvolizə edir. Yaşıl rəng isə islam dünyasına mənsubluğunu bildirir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir olunur. Sovet dövləti Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qadağan etmişdi. Həmin illərdə üçrəngli bayraq müstəqilliyimizin ən böyük rəmzi olduğu üçün ondan bəhs edilməsi belə mümkün deyildi.


Lakin xalqımız müstəqillik ideyalarını və bayraq sevgisini həmişə yaşatdı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və liderliyi ilə 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi təsdiqlənməsi bu sevgini təsdiq etdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bayrağımızla bağlı qərar qəbul etdikdən sonra Azərbaycan SSR Ali Soveti qarşısında onun rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Nəticədə, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti müvafiq Qanunu qəbul edərək bayrağı yenidən Dövlət Bayrağı elan etdi. Həmçinin, Prezident İlham Əliyevin 2007-ci il tarixli Sərəncamına əsasən paytaxtımızda möhtəşəm Dövlət Bayrağı Meydanının inşası xalqın bayrağa olan ehtiramını göstərən başqa bir addım oldu.


Bu gün üçrəngli dövlət bayrağımız beynəlxalq təşkilatlarda və nüfuzlu siyasi platformalarda dalğalanaraq müstəqil Azərbaycanı tərənnüm edir. İdmançılarımız beynəlxalq yarışlarda qalib olduqda bayrağımızın ucalması hər birimizə böyük qürur hissi verir. Prezident İlham Əliyev hələ 2010-cu ildə demişdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız işğal altında olan torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq. Bu sözlər artıq reallaşıb. Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizə səfərlər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk olaraq Dövlət bayrağımızı ucaltdı. İndi Azərbaycan bayrağı bütün Qarabağ torpaqlarında əzəmətlə dalğalanır. Ona görə də Azərbaycan xalqı artıq beşinci ildir ki, Dövlət Bayrağı Gününü tamamilə başqa ovqatda, zəfər əhval-ruhiyyəsi ilə qeyd edir. Üçrəngli Dövlət bayrağımız hər zaman müstəqilliyimizi və milli kimliyimizi dünyaya bəyan edəcək.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: