Energetika naziri Daşkənddə SOCAR və “Uzbekneftegaz”ın birgə layihəsinin başlanması mərasimində iştirak edib (FOTO)

05.12.2025 10:46 6 baxış sayı 3 dəq. oxuma Trend
Energetika naziri Daşkənddə SOCAR və “Uzbekneftegaz”ın birgə layihəsinin başlanması mərasimində iştirak edib (FOTO)

Energetika naziri Pərviz Şahbazov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən mühüm mərasimdə iştirak edib. Tədbir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutub və enerji sektorunda yeni layihələrin istifadəyə verilməsinə, həmçinin tikintisinə başlamasına həsr olunub.


Bu mərasimdə Özbəkistanın müxtəlif regionlarında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin və Azərbaycanla birgə həyata keçirdiyi layihələr telekörpü vasitəsilə təqdim edilib. Nazir Şahbazov çıxışında hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. O, dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluğun bu prosesdə böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir ölkəmizin tamhüquqlu iştirakçı kimi Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını da dilə gətirib. Həmçinin Orta Dəhlizin əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər münasibətlərin inkişafında yeni bir səhifə açır. Enerji tərəfdaşlığı bu yeni geosiyasi reallıqlarda xüsusi yer tutur, çünki bu, ölkələrimizin vahid geosiyasi məkan kimi inteqrasiyasını təmin edir.


Bu əməkdaşlığın bariz nümunəsi SOCAR və “Uzbekneftegaz”ın birgə həyata keçirdiyi Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinin başlanmasıdır. Bu layihə enerji tərəfdaşlığının strateji əhəmiyyətini təsdiqləyir. O, hər iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və enerji təchizatında birgə iştirak imkanlarına şərait yaradır.


Nazir Şahbazov əlavə edib ki, regional əhəmiyyətli digər mühüm layihə tarixdə ilk dəfə Azərbaycan, Özbəkistan və Qazaxıstanın elektrik enerjisi sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizi layihəsidir. Bu təşəbbüs perspektivdə Azərbaycanın tranzit rolu əsasında genişlənəcək. Bu genişlənmə Asiya ilə Avropa arasında yerləşən Orta Dəhliz boyunca bərpa olunan enerjinin ötürülməsi üçün yeni imkanlar yaradacaq. Xatırladaq ki, Özbəkistanda yerləşən investisiya blokları üzrə geoloji kəşfiyyat layihəsinin həyata keçirilməsi ilə əlaqədar SOCAR, “Uzbekneftegaz” və Özbəkistan Respublikası arasında Kəşfiyyat, İşlənmə və Hasilat üzrə Pay Bölgüsü Sazişi 24 iyul 2025-ci il tarixində imzalanıb.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: