Gəncədə Atatürkün anım mərasimi keçirilib

10.11.2025 05:17 4 baxış sayı 2 dəq. oxuma Report
Gəncədə Atatürkün anım mərasimi keçirilib

Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün anım mərasimi Gəncədəki Baş Konsulluqda təşkil edilib. Tədbir diplomatik nümayəndəliyin "Nuri Paşa" zalında baş tutdu. Mərasimə konsulluq əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar və Türkiyədən olan tələbələr qatılmışdılar.


Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop mərasimdə çıxış etdi. O, Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı böyük tarixi xidmətlərindən bəhs etdi. Çıxışdan sonra Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş olundu. Tədbir iştirakçılarına Cümhuriyyət qurucusunun həyat yolu, siyasi fəaliyyəti və Türkiyə dövlətçiliyinə verdiyi töhfələr haqqında ətraflı məlumat verildi.


Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi onu sinifdəki digər "Mustafa"dan fərqləndirmək üçün istedadlı şagirdinə "Kamal" adını vermişdi. 1923-cü il oktyabrın 29-da Cümhuriyyət elan edildikdə, o, dövlət başçısı seçildi. 1938-ci ildə vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı kimi tanınır. Hərbi nailiyyətlərinə görə, 1921-ci ildə Sakarya döyüşündəki qələbədən sonra ona "Marşal" və "Qazi" rütbələri verilmişdi. 1934-cü ildə isə qanunla "Atatürk" soyadını aldı, bu soyadın başqaları tərəfindən istifadəsi qadağan edildi.


Böyük lider 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulda, Dolmabahçe Sarayında vəfat etdi. Onun nəşi əvvəlcə Ankaradakı Etnoqrafiya Muzeyində saxlanılırdı. 1953-cü ildə, ölümünün 15-ci ilində isə Atatürkün nəşi Anıtqəbirə köçürüldü.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: