Güləşçilərimiz İslam Həmrəyliyi Oyunlarında 1 dəst medal qazanıblar (FOTO)

19.11.2025 18:35 6 baxış sayı 3 dəq. oxuma Trend
Güləşçilərimiz İslam Həmrəyliyi Oyunlarında 1 dəst medal qazanıblar (FOTO)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir. Azərbaycan güləşçiləri mübarizənin növbəti gününü qızıl, gümüş və bürünc olmaqla tam bir dəst medalla başa vurublar. Bu gün yunan-Roma güləşi üzrə 2, qadın güləşi üzrə isə 3 çəkidə idmançılar mübarizə aparıblar.


Qadın güləşi yarışlarında ən böyük uğur Jalə Əliyevanın (57 kq) adına yazıldı. O, qrupu maksimum nəticə ilə lider bitirdi, ardıcıl olaraq Tunisdən Çad Jeljeli və Banqladeşdən Mimdən “tuş”la üstün oldu. Əliyeva, həmçinin, türkiyəli Elvira Kamaloğlunu 19:10 hesabıyla məğlub etdi. Millimizin lideri yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovanın kürəyini yerə sıxaraq vaxtından əvvəl finala yüksəldi. Həlledici görüşdə Jalə yenidən Elvirayla qarşılaşdı və bu dəfə 6:2 hesabıyla qalib gəldi. Bu nəticə ilə Jalə titulunu qorudu, ikinci dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı.


Yunan-Roma güləşində Murad Əhmədiyev (97 kq) debüt etdiyi İslamiadanı gümüş medalla bitirdi. O, misirli Mohamed Qabraya tam üstünlüklə (8:0), türkiyəli Beytullah Kayışdağa isə 5:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazandı. Həlledici görüşdə həmyerlimiz iranlı olimpiya və ikiqat dünya çempionu Mohammad Saraviyə 1:5 hesabıyla məğlub oldu. Qadın güləşi üzrə Elnurə Məmmədova (50 kq) isə bürünc medal qazandı. O, B qrupunda türkiyəli Zehra Demirhanı 8:5 hesabı ilə üstələsə də, nigeriyalı Mersi Geneisi ilə bacarmadı (2:12). Qrup ikincisi kimi yarımfinala adlayan güləşçimiz Özbəkistan təmsilçisi Aktenge Keunimjayevaya uduzdu (0:10). Lakin Elnurə Məmmədova bürünc medal uğrunda görüşdə əlcəzairli Şebila Şeymadan (5:0) güclü çıxdı.


Yarışda uğursuzluqla qarşılaşan güləşçilərimiz də oldu. Beka Kandelaki (130 kq) A qrupunda misirli Abdellatif Mohamedə (3:4) və iranlı Fardin Hedayatiyə (0:8) uduzaraq medal şansını itirdi. Gültəkin Şirinova 1/4 finalda qırğızıstanlı Aruuke Kadirbekqızıya 4:11 hesabıyla məğlub oldu. Qeyd etmək lazımdır ki, sabah daha 5 güləşçimiz xalçaya çıxacaq və medal uğrunda mübarizə davam edəcək.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: