Konstitusiyamızda yazılan vahidlik bu gün torpaqda qanla təsdiqlənib - Zahid Oruc

05.11.2025 06:36 4 baxış sayı 3 dəq. oxuma Trend
Konstitusiyamızda yazılan vahidlik bu gün torpaqda qanla təsdiqlənib - Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edərkən Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunub. O bildirib ki, məğlubiyyət dövründə ölkə Konstitusiyasında ərazi bütövlüyü yalnız kağız üzərində mövcud idi. Qanun "ərazilər toxunulmazdır" desə də, reallıqda torpaqlarımızın 20 faizi oğurlanmışdı. Deməli, de-yure mövcud olan bu prinsiplər, de-fakto yox idi.


Deputatın sözlərinə görə, bir vaxtlar Konstitusiya pozulmuş milli hüquqlarımızın simvolu halına gəlmişdi. Buna baxmayaraq, hər kəs inanırdı ki, bu prinsiplər nə vaxtsa tam şəkildə həyata keçəcək. Zahid Oruc qeyd edib ki, Ana Qanunda "Azərbaycan Respublikası unitar dövlətdir" yazılmasına baxmayaraq, torpaqlarımızın bir hissəsində ikinci separatçı qurum, saxta konstitusiya və ikinci "prezident institutu" fəaliyyət göstərirdi. Bu dövlət dualizmi və ikili vəziyyət düz 30 il davam etdi. Nəticədə, Konstitusiyadan müharibə hüququmuz yarandı.


Bu gün Ana Qanunda əks olunan "Azərbaycan vahid və bölünməz dövlətdir" müddəası artıq sadəcə bir yazı deyil, torpaqlarımızda qanla möhürlənib. Bu Zəfər qanunu şəhidlərimizin canı ilə təsdiqləndi. Deputat vurğulayıb ki, biz müasir hərbi texnologiyalardan daha öncə hüquqla silahlanmışdıq. Ordumuz çox güclü idi, lakin qələbəmizin əsas səbəbi haqlı olmağımız idi.


Deputat Konstitusiyanın da Şuşa kimi azad olduğunu söyləyib. O əlavə edib ki, Qarabağ tarixdə ilk dəfə dağıntı deyil, bütövlüyün və quruculuğun simvoluna çevrilib. Hazırda Azərbaycanın taleyi yad paytaxtlarda deyil, öz torpağında müəyyən olunur. "Erməni məsələsi" tariximizdə ilk dəfə dinc şəkildə ölkə ərazisindən kənara çıxıb və milli dövlətçiliyimiz üçün mina rolunu itirib. Bu gün ərazi bütövlüyümüz sadəcə bir anlayışdan əsl reallığa çevrilib. 2020-ci il Vətən müharibəsi xarici himayə ilə həyata keçirilən işğala son qoydu. Buna görə də bu, əsl milli azadlıq hadisəsi sayılır.


Müstəqillik yalnız sovetlərdən ayrılmaq deyil, eyni zamanda beynəlxalq güclərin 30 il ərzində yaratdığı təzyiq və asılılıqdan xilas olmaq deməkdir. Vətən müharibəsi Qurtuluş savaşı idi, buna görə də 8 Noyabr - Şuşa Zəfəri və 20 Sentyabr - Xankəndi Zəfəri Azərbaycanın yeni milli azadlıq günləridir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: