Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

14.11.2025 07:23 3 baxış sayı 3 dəq. oxuma APA
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi, həmçinin rəhbəri Leyla Əliyeva Mingəçevirə səfəri çərçivəsində ölkənin biomüxtəlifliyinin qorunmasına yönəlmiş bir sıra ekoloji aksiyalara qatıldı. Bu tədbirlər su bioresurslarının bərpası, nadir heyvan növlərinin populyasiyasının artırılması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədi daşıyırdı.


Səfərin əvvəlində diqqət su hövzələrinin bərpasına yönəldi. Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min sazan balığı buraxıldı. Bu böyük miqyaslı aksiya regionda su bioresurslarının bərpasına və balıq ehtiyatlarının artırılmasına birbaşa töhfə verir. Aksiyanın əsas hədəfi su hövzələrinin ekoloji tarazlığının qorunmasına kömək etmək və təbii sərvətlərin davamlılığını təmin etməkdir.


Ekologiya proqramı daha sonra quru ərazilərdə həyata keçirilən layihələrlə davam etdi. Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı ərazisində aparılan ceyranların köçürülməsi (reintroduksiya) prosesində iştirak etdi. Şirvan Milli Parkının ərazisindən gətirilmiş 10 baş ceyran bu yasaqlığa buraxıldı. Ceyranların Yasaqlıq ərazisinə köçürülməsi mövcud populyasiya arasında genetik müxtəlifliyi artırmağa, müxtəlif xəstəliklərin qarşısını almağa və ərazidə daha sağlam nəslin formalaşdırılmasına xidmət edir. Hazırda Korçay Dövlət Təbiət Yasaqlığında ceyranların sayı 810 baş təşkil edir.


Səfər proqramının tərkib hissəsi kimi Mingəçevir şəhərində ağacəkmə aksiyası da təşkil edildi. Leyla Əliyevanın qatıldığı aksiyada 100 nəfər könüllü tərəfindən 200 ağac əkildi. Əkilən fidanlar Eldar şamı və sərv ağaclarından ibarət idi. Bu ağac növləri quraqlığa dözümlüdür və regionun torpaq-iqlim şəraitinə uyğundur. Onlar ətraf mühitin mühafizəsi və yaşıllıq zolağının genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Bütün bu ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda biomüxtəlifliyin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində mütəmadi olaraq görülən işlərin vacib bir hissəsidir.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: