Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər

05.11.2025 14:54 6 baxış sayı 3 dəq. oxuma APA
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət etdilər. Ziyarət zamanı onlar stendlərə baxış keçirdi, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlandılar. Leyla Əliyeva və Arzu Əliyeva istehsal prosesi, məhsulların keyfiyyət göstəriciləri barədə məlumat aldılar. Onlar, həmçinin arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbətlər etdi, xatirə şəkilləri çəkdirdilər.


Bu ilki yarmarkada 43 regiondan 280-dən çox fermer iştirak edirdi. IDEA İctimai Birliyinin təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin iştirakçıları da tədbirdə fəallıq göstərdi. Bu layihə gənclər arasında ekoloji sahibkarlığı təşviq etmək məqsədi daşıyır. Ümumilikdə, 4 “Gənc arıçı” ailəsi yarmarkaya 1128 kiloqram bal təqdim etdi.


Yarmarkada Xocalı rayonunda fəaliyyət göstərən “Güllü Yaylaq” arıçı kooperativi ilk dəfə təmsil olundu. Kooperativin qurucusu Qənirə Əsədova Ballıca kəndindəndir və uzun illərdir arıçılıqla məşğul olur. Bu kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaqdan ibarətdir. Onlar yerli arıçılıq ənənələrini qoruyur və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq edirlər. Hazırda “Güllü Yaylaq” kooperativinin 5 üzvü var, yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul gətirmişdi.


Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş “Kəlbəcər bal festivalı 2025”in iştirakçıları da məhsullarını təqdim etdilər. Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə verilən ən yüksək dəyəri göstərir. Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilir, Azərbaycanın milli brendlərindən birinə çevrilir. Ümumilikdə, yarmarkada 100 tondan çox bal və 15 növdən çox fərqli arıçılıq məhsulu satışa çıxarıldı.


G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: