"Moskva" univermağının binasında qanunsuz təmir işləri aparılıb

31.10.2025 06:07 7 baxış sayı 3 dəq. oxuma Report
"Moskva" univermağının binasında qanunsuz təmir işləri aparılıb

Bakının Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən "Moskva" univermağının binasında qanunsuz təmir işləri aşkarlanıb. Bu tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Abidəyə baxış zamanı müəyyən edildi ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunun tələbləri kobud şəkildə pozulub. Genişmiqyaslı təmir və söküntü işləri heç bir layihə razılaşdırılmadan aparılıb. Qanunsuz həyata keçirilən bu işlər binanın orijinal memarlıq quruluşunu tamamilə dəyişdirib, daxili plan həlli pozulub.


Aşkarlanan pozuntular arasında abidənin arakəsmə divarlarının sökülməsi, pilləkən hissəsində ağır dəmir konstruksiya quraşdırılaraq əlavə sahə yaradılması var. Həmçinin, döşəməyə beton tökülüb, ticarət zalında dəmir konstruksiyalar vasitəsilə əlavə mağazalar inşa edilib. Nəticədə, tarixi abidə öz autentik dəyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Qeyd edək ki, "Moskva" univermağının binası 1970-ci illərdə inşa edilib və dövrünün ən böyük ticarət mərkəzi kimi xidmətə verilib. Binanın açılışı Ulu Öndər Heydər Əliyevin iştirakı ilə həyata keçirilib.


Qanunsuz təmir işlərinin dərhal dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyə uyğun olaraq razılaşdırılması ilə bağlı edilmiş xəbərdarlıqlara baxmayaraq, istifadəçi bu tələblərə məhəl qoymayıb. Buna görə də, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin razılaşdırılmadan yeni quruluşa salınması və zahiri görkəminin dəyişdirilməsinə görə inzibati protokol tərtib edilib. Protokol İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə Nəsimi Rayon Məhkəməsinə göndərilib.


"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək hər hansı təmir, inşaat və digər işlərin aparılması qadağandır. Bütün bərpa, konservasiya və təmir işləri onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Qanunvericiliyin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır. Biz bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa və qanunvericiliyə riayət etməyə çağırırıq.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: