
Mütəşəkkil dəstə halında internetdə qumar oyunu təşkil edənlərin cinayət işi məhkəməyə göndərilib
Onlayn qumar oyunlarının təşkili və bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu iş üzrə Yusif Baqiyev və digər şəxslər təqsirləndirilir. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, bu iş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb. Məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb.
İlkin istintaq zamanı müəyyən edildi ki, Yusif Baqiyev və digərləri mütəşəkkil dəstə halında birləşiblər. Onlar qumar oyunlarını təşkil və keçirməklə xüsusilə külli miqdarda gəlir əldə ediblər, daha sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırıblar. Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayına qədər Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə birləşmişdi. Onlar dəstə üzvləri arasında rol bölgüsü apararaq çoxsaylı şəxsləri qumar oyunlarına cəlb etməyi, pul dövriyyəsini təmin etməyi, həmçinin fərqli şəxslərin adlarına çoxsaylı bank kartları və hesabları açmağı planlaşdırırdılar.
Daha sonra Yusif Baqiyev və dəstə üzvləri qumar oyunları ilə bağlı köçürmələri təmin etmək və gəlirləri leqallaşdırmaq məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılığa gəliblər. Onlar həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan, vəzifə saxtakarlığı yolu ilə elektron pul kisələri açıblar. Bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə edilən ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər. Qanunsuz əldə olunmuş pul vəsaitlərinin 41 milyon manatdan çox hissəsi müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılıb və əmlakların alınması yolu ilə leqallaşdırılıb. Bu faktlar istintaqın gedişində toplanan dəlillərlə sübuta yetirilib.
Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham elan edilib. Samir Nasibova isə bu maddələrlə yanaşı 32.5, 244-1.4 (kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İstintaq zamanı dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları və nağd pul maddi sübut kimi götürülüb. İstintaq orqanı təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Barəsində axtarış elan edilmiş digər şəxslərlə bağlı ibtidai istintaq davam edir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İnternetdə qumar oyunu təşkil edən mütəşəkkil dəst...
Azəri Xəbər

Şəkili Yusif həbs edildi - FOTO
Bugun.az

Sosial şəbəkədə onlayn qumar təşkil edən dəstənin...
Azəri Xəbər

Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var
Bugun.az

Beynəlxalq Axtarışda Olan Rusiya Vətəndaşı Birləşm...
Azəri Xəbər

4 sayt rəhbəri həbs edildi
Bugun.az



