Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır - Vüqar Rəhimzadə

29.10.2025 16:27 11 baxış sayı 6 dəq. oxuma Trend
Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır - Vüqar Rəhimzadə

Regionların və işğaldan azad edilmiş ərazilərin inkişafı, yenidən qurulması, insanların rahat yaşayışı və vətəndaş məmnunluğunun təmin edilməsi dövlətimizin siyasətinin əsas tərkib hissəsidir. Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü "İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır" çağırışına uyğun olaraq regionların potensialından səmərəli istifadə edilməsi istiqamətində ardıcıl addımlar atılıb. Artıq regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı uğurla icra edilib. Tarixi Zəfərdən sonra təsdiqlənən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" bütün bölgələrin sosial-iqtisadi inkişafını başlıca hədəf kimi müəyyənləşdirib. İqtisadi artımın sürətlənməsi və əhalinin azad edilmiş ərazilərə qayıdışının təmin olunması Azərbaycanın yeni inkişaf yolunun əsasını təşkil edir. Bu prioritetlərə dayanıqlı artan iqtisadiyyat, rəqabətli insan kapitalı və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış daxildir. Dövlət başçısı İlham Əliyev regionların inkişafını diqqətdə saxlayır, Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri zamanı bu siyasətin praktik nəticələrini göstərir.


Deputat qeyd edib ki, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac və rəqabət qabiliyyətinin yüksəldilməsində, həmçinin idxalı əvəz edən məhsulların istehsalının artırılmasında xüsusi əhəmiyyətə malikdir. Bu layihələr rayonlarda məşğulluğun təmin edilməsi və investisiyaların cəlb edilməsi baxımından da vacibdir. Aqroparklar eyni zamanda kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına birbaşa xidmət edir. Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub. Bu məhəllə kiçik və orta sahibkarların inkişafı, eləcə də əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılması məqsədilə 2017-ci ildə yaradılıb. Bundan əlavə, dövlət başçısı İmişlidə "Promalt" Məhdud Məsuliyyətli Cəmiyyətinin arpa emalı müəssisəsinin açılışında iştirak edib. Hər bir bölgədə atılan bu addımlar onların malik olduğu potensialdan səmərəli istifadəni təmin edir və ölkənin dayanıqlı inkişafına ciddi töhfələr verir.


Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin əsas hədəflərindən biri Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın öz doğma yurdlarına qayıdışının gerçəkləşdirilməsi olub. Artıq 6 şəhər, 2 qəsəbə və 20 kənd öz sakinlərinə qovuşub. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı Horovlu kəndi də sakinlərinə qayıdan yaşayış məntəqələri sırasına daxil edilib. Dövlət başçısı kənddə görülən işlərlə tanış olub və köçən sakinlərə evlərin açarlarını təqdim edib. 2020-ci il oktyabrın 4-də işğaldan azad edilən Horovlu kəndində 334 fərdi ev tikilib. Burada 624 şagird yerlik məktəb, körpələr evi-uşaq bağçası, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi kimi sosial obyektlərin tikintisi həyata keçirilib. Kəndin su təminatında rol oynayan tarixi kəhrizlər də bərpa edilib. Prezident İlham Əliyev Horovlu sakinləri ilə görüşündə bildirib ki, 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir və biz bu zəfərdən sonra quruculuq işləri ilə məşğuluq. O qeyd edib ki, hazırda bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır və artıq 50 mindən çox insan bu ərazilərdə yaşayır.


Millət vəkili bildirib ki, dövlət başçısının Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yenidən inşa edilən kəndlərin açılışı və yeni yaşayış komplekslərinin təməlinin qoyulması azad edilmiş ərazilərimizdə aparılan işlərin miqyasını göstərir. Qeyd edək ki, Cəbrayıl şəhəri də sakinlərinə qovuşan şəhərlər sırasındadır. Zəngilanın Ağalı kəndi isə ilk "ağıllı kənd" layihəsi çərçivəsində bərpa olunaraq sakinlərinə qovuşan ilk kənd olub. Cəbrayıl ərazisində "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının, Cəbrayıl məscidinin və ikinci-üçüncü yaşayış komplekslərinin təməli qoyulub. Prezident İlham Əliyevin Zəngilan rayonuna səfəri zamanı isə şəhərdə 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olunub və Məmmədbəyli, Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib. Böyük Qayıdışın uğurlu olması üçün prioritet məsələlərdən biri qayıdacaq soydaşlarımızın işlə təmin edilməsidir. Cəbrayılda "Araz Vadisi" sənaye zonası artıq fəaliyyətdədir və orada müəssisələrin sayı yaxın gələcəkdə 20-yə çatacaq. Prezidentin çağırışı birmənalıdır: Qarabağda və Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Zəngilan Beynəlxalq Hava Limanı tikilib və bu bölgə Zəngəzur, Araz dəhlizlərinin keçdiyi mühüm nəqliyyat mərkəzinə çevriləcək. Biz öz torpaqlarımızda qurub-yaradan, əbədi yaşayacaq xalqıq.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: