
Qazaxıstan Azərbaycanın ən yaxın siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir

Azərbaycanın xarici siyasət kursunda türk dövlətlərinin xüsusi yeri var. Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda respublikamızın türk dövlətləri ilə əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin bu günlərdə dövlət səfəri etdiyi Qazaxıstanla münasibətlərin fonunda bu inkişaf aydın görünür. Dövlətimizin başçısının səfəri ərəfəsində bu ölkənin "Kazinform" agentliyinə verdiyi müsahibədə yer alan məsələlər göstərir ki, Azərbaycan-Qazaxıstan münasibətləri siyasi, iqtisadi və humanitar sferalarda genişlənir. Prezident Əliyev müsahibəsində əlaqələrin bütün istiqamətlərinə toxunub. Buna görə bu müsahibəni iki dövlət arasındakı yüksək və qarşılıqlı etimada söykənən münasibətlərin, bütün sahələri əhatə edən əməkdaşlığın və türk dövlətlərinin həmrəyliyinə əsaslanan strateji tərəfdaşlığın tam təhlili adlandıra bilərik.
Bu gün Azərbaycanla Qazaxıstan arasında dövlətlərarası əlaqələrin bütün səviyyələrdə dərinləşməsinə təkan verən aktiv və konstruktiv siyasi dialoq mövcuddur. Bu dialoqun əsas göstəricisi əlbəttə ki, dövlət başçıları arasındakı dostluq və onların son illərdə etdikləri qarşılıqlı səfərlərin sayıdır. Prezident İlham Əliyev hazırki dövlət səfəri də daxil olmaqla, son üç ildə Qazaxıstana yeddi dəfə səfər edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bu müddətdə altı dəfə Azərbaycana gəlib. Bu səfərlər siyasi münasibətlərin dərin məzmununu nümayiş etdirir. Ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylər göstərilir. Müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.
Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir. Prezident İlham Əliyev bildirib ki, biz ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa, qarşılıqlı dəstəyə və ortaq türk kimliyinin möhkəm təməlinə əsaslanaraq əsl strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Azərbaycan və Qazaxıstan çoxtərəfli formatlarda da səmərəli əməkdaşlıq edirlər. İki dövlət BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (AQETM) kimi təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. TDT Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir. Bu təşkilat siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici bir platforma rolunu oynayır.
İqtisadi münasibətlərlə bağlı səsləndirilən rəqəmlər sahədəki tərəfdaşlığın artan dinamikasını göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. İqtisadi əməkdaşlıqda Orta Dəhlizin böyük payı var. 2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3.5 milyon tondan çox olub. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyini gücləndirəcək. İki dövlət neft-qaz və yaşıl energetika sahələrində də fəal əməkdaşlıq edir, rəqəmsal inteqrasiyanı artırırlar. SOCAR və "KazMunayQaz" arasında Qazaxıstan neftinin tranzitinə dair sənədlər imzalanıb. Həmçinin, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi davam edir. Bütün bunlar Qazaxıstanın Azərbaycanın ən yaxın siyasi, iqtisadi və strateji tərəfdaşlarından biri olduğunu təsdiqləyir və Prezident İlham Əliyevin dövlət səfəri bu tərəfdaşlığı daha da möhkəmləndirəcək.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Gürcüstanda Rusiyayönümlü Hakimiyyətin Qüvvətlənmə...
KIBRIT MEDIA

Azərbaycan regional güc kimi çox mühüm rol oynayır...
Azəri Xəbər

Prezident İlham Əliyev: Azərbaycan ilə Qazaxıstan...
Azəri Xəbər

Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyy...
Azəri Xəbər

Astana görüşü: Azərbaycan və Qazaxıstan strateji m...
Azəri Xəbər

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub
Azəri Xəbər