Qərbi Azərbaycan Xronikası: Dağıdılan hər qəbiristanlığın dəqiq tarixini müəyyən etmişik

01.12.2025 22:47 14 baxış sayı 3 dəq. oxuma Report
Qərbi Azərbaycan Xronikası: Dağıdılan hər qəbiristanlığın dəqiq tarixini müəyyən etmişik

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş yayımlanıb. Jurnalist Rufik İsmayılovun bu dəfəki müsahibi tarixçi və tədqiqatçı Səbuhi Hüseynov olub. Hüseynov hazırladığı beş cildlik kitab seriyası, "Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar" haqqında danışıb.


Bu böyük araşdırma Ermənistan ərazisindəki Azərbaycan mədəniyyət irsinin məqsədli şəkildə məhv edilməsini sənədləşdirir. Tarixçi bildirib ki, kitabın yalnız birinci cildi 1991-ci ilə qədər Qərbi Azərbaycan ərazisində mövcud olmuş 735 azərbaycanlı qəbiristanlığının 200-dən çoxunun əvvəlki və indiki vəziyyətindən bəhs edir. Tədqiqatlar nəticəsində bəlli olub ki, ermənilər azərbaycanlılara məxsus olan 157 qəbiristanlığı yer üzündən tamamilə siliblər. Bu dağıntıların miqyası tədqiqatın əsas mövzularından biridir. Bu iş Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə və dünya dövlətlərinə çatdırmağı hədəfləyir.


Səbuhi Hüseynov qeyd edib ki, "Qərbi Azərbaycan irsi" adlı bu tamamlanaq iş Azərbaycan, ingilis və rus dillərində olmaqla, ümumilikdə beş cilddən ibarət olacaq. Birinci cild kimi, ikinci və üçüncü cildlər də Ermənistan dövləti tərəfindən bilərəkdən dağıdılmış qəbiristanlıqları tədqiqat obyekti edəcək. Dördüncü cild isə tarixi məscidlər, beşinci cild isə pirlər və türbələr haqqında məlumatları əks etdirəcək. Kitab artıq Azərbaycanın 84 rayonunda təqdim edilib. Araşdırmanın elektron versiyası isə dünyanın müxtəlif ölkələrinin kitabxanalarına göndərilib. Bu yayım prosesi davamlı olacaq.


Bu layihənin daha geniş miqyaslı məqsədləri var. Qərbi Azərbaycan Xronikası tarixi torpaqlarımızın adının yaşadılmasına, azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qalmasına dair faktların aşkarlanmasına kömək edir. Layihə adı silinən toponimləri və saysız-hesabsız maddi-mədəniyyət nümunələrini üzə çıxarır. Bunlara qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid və ocaqlar daxildir. Bütün bu faktlar həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiqləyən dəlilləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: