
Qərbi Kaspi Universiteti jurnalistlər üçün mediatur təşkil etdi - FOTO

Qərbi Kaspi Universiteti (QKU) media nümayəndələri üçün xüsusi səfər (mediatur) təşkil edib.
Məlumat verilir ki, mediatur çərçivəsində jurnalistlər universitetin son illər elm və digər sahələrdə əldə etdiyi uğurlar və nailiyyətlər barədə ətraflı məlumat alıblar.
Mediatur zamanı universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov bildirib ki, QKU fəaliyyətini həmişə dünyanın aparıcı təhsil təcrübələrinə uyğun qurmağa çalışır. O qeyd edib ki, müasir çağırışlar fonunda ən qabaqcıl standartlara uyğun inkişaf etmək əsas prioritetlərdəndir. Professor sözlərini belə davam etdirib:
“Əsas məqsədimiz ölkə daxilində və xaricdə rəqabətədavamlı, əmək bazarında təhsili, biliyi, bacarığı sayəsində özünü işlə təmin edəcək, hətta yeni iş yerləri yaratmağa qadir olacaq peşəkarlar yetişdirməkdir. Bizim məqsədimiz, eyni zamanda, dürüst, ədalətli, yüksək alicənablıq keyfiyyətləri və sağlam düşüncəsi ilə ölkəsini və xalqını layiqincə təmsil edə bilən, həyatda hansı sahədə olursa olsun, cəmiyyətdə hörmət və sevgi qazanan məzunlar hazırlamaqdır.”
Məlumatda qeyd edilib ki, fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən QKU, 63 ixtisas üzrə 5000-ə yaxın tələbəyə əyani və qiyabi proqramlar əsasında təhsil verir. Universitetdə 7 fakültə (məktəb), 18 kafedra və 11 şöbə fəaliyyətdədir. Tədris heyətinə gəlincə, burada çalışan 275 müəllimdən 72-si elmlər doktoru və professordur, 42 nəfəri isə dosent elmi adına malikdir. Bir sıra beynəlxalq təhlillərdə QKU SSRİ-nin süqutundan sonra yeni mühitdə yaranan ən yaxşı 10 universitetdən biri kimi qiymətləndirilir. Əsas və müasir tələblərə cavab verən fənlər həm yerli, həm də xarici müəllimlər tərəfindən tədris olunur.
Qeyd olunub ki, QKU öz strukturunu müasir universitet modelinə uyğunlaşdırmaq üçün tədbirlər həyata keçirir. Universitetin infrastrukturunun və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı işlər görülür, müxtəlif sahələr üzrə müasir və unikal laboratoriyalar qurulub. Tədris metodikasının yenilənməsi və ən yüksək beynəlxalq standartlara çatdırılması üçün ardıcıl iş aparılır. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman zalı, texnopark və müxtəlif klublar onların ixtiyarına verilib.
Təqdimat zamanı universitetin tərkibində ixtisaslaşmış bir sıra Tədqiqat Mərkəzlərinin fəaliyyət göstərdiyi vurğulanıb. Bu mərkəzlərə “International Center for Materials Sciences and Technology”, “Life Sciences Resource Center”, “Economic Research Center”, “Gender Research Center”, “Mountain Biodiversity, Landscape, and Culture Research Institute”, habelə “Western Caspian University Coordination Council for Scientific and Educational Cooperation with Asian Universities” daxildir. Bu mərkəzlər fənlərarası tədqiqatların inkişafına və beynəlxalq elmi əməkdaşlığın güclənməsinə mühüm töhfələr verir.
Mediaturda o da qeyd edilib ki, QKU-nun Dağ Biomüxtəlifliyi, Landşaft və Mədəniyyət Tədqiqatları İnstitutunun alimləri BMT-nin Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası (UIAA) ilə birgə əməkdaşlıq çərçivəsində buzlaqların həm azalma, həm də ərimə proseslərini tədqiqatlara cəlb edirlər.
QKU-da bir neçə tədqiqat laboratoriyası da fəaliyyətdədir. Bunlara Genetika və Molekulyar Biologiya laboratoriyası, Ekoloji və biomüxtəliflik tədqiqatları laboratoriyası, Hidrobiologiya laboratoriyası, Kimya və ətraf mühitin monitorinqi laboratoriyası, həmçinin Mexanika və robototexnika mühəndisliyi laboratoriyası, Smart materialların istehsalı laboratoriyası, Fizika və Elektronika laboratoriyası, Dizayn emalatxanası və digərləri daxildir. Bu laboratoriyalarda müasir standartlara uyğun dərslər tədris olunur.
Əlavə olaraq, yaxın gələcəkdə Data analiz laboratoriyası və Süni intellekt sınaqları laboratoriyası yaradılacaq. Həmçinin vurğulanıb ki, QKU elektronlaşma səviyyəsinə görə 10-dan çox kompüter laboratoriyasına malik olmaqla Azərbaycanda ən çox kompüterlə təchiz edilmiş universitetlərdən biridir.
Məlumatda göstərilir ki, QKU-nun texnoparkında XSERON süni intellekt modulu hazırlanmışdır. Bundan başqa, universitet məzunlarından ibarət “DEC” komandası “TEKNOFEST Azərbaycan–2023” festivalında “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin qalibi olub.
QKU komandası həmçinin 2022-ci ilin dekabrında “Product Owner's Marathon” yarışmasında qələbə qazanmış, eyni zamanda “Qarabağ GreenTech” hakatonunun qalibləri sırasında yer almışdır. “STEAM Azərbaycan Festivalı 2022” çərçivəsində isə universitetin iki komandası I yerə, bir komanda II yerə, Qərbi Kaspi Universiteti Məktəbinin komandası da I yerə layiq görülüb.
Təqdimatda QKU-nun ev sahibliyi etdiyi beynəlxalq konfrans materiallarının SCOPUS kimi nüfuzlu beynəlxalq elmi bazada indeksləşdirildiyi bildirilib. Məsələn, “Dağlar: Biomüxtəliflik, Landşaft və Mədəniyyətlər” mövzusunda keçirilən II Beynəlxalq Konfrans məhz bu sistemdə indekslənmişdir. Bu uğur təkcə QKU üçün deyil, bütövlükdə Azərbaycanın akademik ictimaiyyətinin qlobal elmi məkana inteqrasiyası baxımından mühüm bir mərhələdir.
Həmçinin qeyd olunub ki, QKU-nun təcrübə mərkəzləri və tədris binaları alternativ enerji mənbələrindən istifadə edərək fəaliyyət göstərir.
Bildirilib ki, QKU 12 elmi jurnal nəşr etməyə başlayıb. Onların ikisi 30 ildən çoxdur çap olunur. Azərbaycanda cəmi iki konfransın materialları SCOPUS-a daxil edilib ki, bunlardan biri QKU-nun elmi konfransı, digəri isə dağlarla bağlı konfransdır. Bu ilin sonu, gələn ilin yanvarına kimi bu 12 jurnalın hamısı işıq üzü görəcək və jurnallar açıq, yəni ödənişsiz olacaq.
Yeri gəlmişkən, Amerika Universitetlər və Kolleclər Assosiasiyasının keçirdiyi “davamlı kampus” müsabiqəsində QKU Azərbaycan universitetləri arasında 1-ci yerə layiq görülüb. Ümumilikdə 19 ölkənin qatıldığı bu müsabiqədə QKU 11-ci pillədə qərarlaşıb.
Mediaturda xaricdə təhsil imkanları da müzakirə olunub. Bu layihələr tələbələrə qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı verir. Hazırda Erasmus+ və Mövlanə mübadilə layihələri çərçivəsində QKU tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilirlər.
Qərbi Kaspi Universiteti Böyük Britaniyanın "Koventri” Universiteti, həmçinin bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi”, İsveçrənin UBİS və Çexiyanın NEWTON Universitetləri ilə ikili diplom layihələri həyata keçirir. QKU irqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər bir yerindən tələbələri qəbul edir.
Xatırladaq ki, Azərbaycanın ilk qeyri-dövlət ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulub. Universitet 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, Avropa Fondunun, Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) və bir sıra başqa nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.
2017-ci ildən etibarən universitetin adı dəyişdirilərək Qərbi Kaspi Universiteti adlandırılıb. QKU tələbələrinin Avropa, ABŞ və dünyanın digər ölkələrinin aparıcı universitetlərində, kollec və özəl məktəblərində təhsil almaq imkanları mövcuddur.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Dörd universitetə akkreditasiya verildi - SİYAHI
Bugun.az

Kaspi Liseyində "Rus dili müəllimi" vakansiyası ak...
Edumap.az Təhsil Portalı

Azərbaycanın 3 universiteti yüksək nəticə göstərdi...
Bugun.az

Bu universitetlərdə tədris onlayn olacaq - SİYAHI
Bugun.az

IT üzrə texniki dəstək operatoru vəzifəsi üzrə vak...
Edumap.az Təhsil Portalı

Dövlət başçısı Qərbi Azərbaycan məsələsindən danış...
Bugun.az