Qətərin paytaxtı Dohada BMT-nin İkinci Dünya Sosial Sammiti keçirilir

04.11.2025 16:55 6 baxış sayı 3 dəq. oxuma APA
Qətərin paytaxtı Dohada BMT-nin İkinci Dünya Sosial Sammiti keçirilir

Birləşmiş Millətlər Təşkilatının İkinci Dünya Sosial Sammiti noyabrın 4-də Qətərin paytaxtı Doha şəhərində işə başlayıb. Bu mühüm tədbirdə 8 mindən çox qonaq iştirak edir. Tədbirə dövlət və hökumət başçıları, nazirlər, alimlər, BMT təmsilçiləri, vətəndaş cəmiyyəti, özəl sektor nümayəndələri qatılıb.


Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizi bu sammitdə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Qətərdəki səfir, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyinin məsul şəxsləri daxildir.


Sammitin əsas məqsədi 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi, xüsusilə də sosial inkişafın təşviqidir. Tədbirin ilk günündə "Doha Siyasi Bəyannaməsi" qəbul edilib. Baş nazirin müavini S. Şərifov Dünya Sosial Sammitinin plenar iclasında çıxış etdi. O, Azərbaycanın Kopenhagen Bəyannaməsi üzrə sosial sahədə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyi barədə məlumat verdi. Şərifov həmçinin ölkəmizin sosial inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığa fəal qoşulduğunu, bir çox inkişafda olan ölkələrə təhsil, səhiyyə və humanitar sahədə yardım göstərdiyini söylədi. S. Şərifov Azərbaycanın xüsusi yaradılmış mərkəzlər vasitəsilə əhaliyə dövlət və sosial xidmətləri effektiv təqdim etmək barədə uğurlu təcrübəsini bu ölkələrlə bölüşdüyünü qeyd etdi. O, əməkdaşlığı genişləndirməyə və həmin ölkələrə yardımı davam etdirməyə hazır olduğunu bildirdi.


Samir Şərifov çıxışı zamanı 2024-cü ildə Bakıda keçirilmiş Qlobal İqlim Konfransı (COP29) çərçivəsində "İqlim Davamlılığı üçün İnsan İnkişafına dair Bakı Rəhbər Prinsipləri"nin qəbul edildiyini də xatırlatdı. O, 2026-cı ildə Bakının həmin prinsiplərin gerçəkləşdirilməsi məqsədilə 13-cü Ümumdünya Şəhərsalma Forumuna və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının növbəti illik sessiyasına ev sahibliyi edəcəyini vurğuladı. Sonda Şərifov Azərbaycanın yeni qəbul edilmiş Doha Siyasi Bəyannaməsinin və iyulda qəbul edilmiş Sevilya Bəyannaməsindən irəli gələn öhdəliklərin icrasına sadiqliyini təsdiqləyərək müvafiq dəstəyin davam etdiriləcəyini bəyan etdi. Azərbaycan nümayəndə heyəti Sammit çərçivəsində "Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyans"ın birinci iclasında, sosial inkişaf mövzusunda dəyirmi masada, eləcə də bir sıra ikitərəfli görüşlərdə iştirak etdi. İlk Dünya Sosial Sammiti 30 il əvvəl Danimarkanın paytaxtı Kopenhagendə keçirilmişdi. Dohadakı sammit noyabrın 6-dək davam edəcək.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: