QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul edib

21.10.2025 17:54 6 baxış sayı 4 dəq. oxuma APA
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul edib

2025-ci il oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə QHT təmsilçiləri azad Xankəndidə bir araya gəlməkdən bəxtiyar olduqlarını bildirirlər. Forumda yüzlərlə QHT təmsilçisi vahid platformada toplaşaraq aktual mövzularda faydalı müzakirələr aparıb, təcrübə və bilik mübadiləsi edib.


QHT-lər dövlət başçısının sektora göstərdiyi diqqətin genişlənən imkanlar yaratdığını qeyd edirlər. Bu şəraitin nəticəsidir ki, Azərbaycan QHT-ləri artıq dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib və regionda böyük nüfuz qazanıb. QHT-lər Qarabağ və Şərqi Zəngəzurun azad edilməsini və sürətlə dirçəlişini Sizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsi adlandırırlar. İşğaldan azad olunmuş, 30 il ərzində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub. Təxminən 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, bu proses sürətlə davam etdirilir. Azərbaycan post-münaqişə bölgəsində şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz model yaradıb. Təsadüfi deyil ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası gələn il məhz Azərbaycanda keçiriləcək. Azərbaycan QHT-ləri bu forumda fəal iştiraka ciddi hazırlaşırlar. COP29-da əldə edilmiş təcrübə QHT-lərə bu prosesdə böyük fayda verir.


Azərbaycan QHT sektoru qlobal miqyasda tanınır. Dünya əhalisinin 80 faizinin yaşadığı Qlobal Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis edilmiş Qlobal Cənub QHT Platforması daimi mənzil qərargahı kimi Bakını müəyyən edib. Bu, qlobal səviyyədə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nümunəsidir. Bu gün süni intellekt və rəqəmsal həllər dövründə “rəqəmsal QHT” konsepsiyası tamamilə fərqli müstəvidə iş aparmağa, daha ciddi ölçüləbilən nəticələr əldə etməyə və səmərəliliyi xeyli yüksəltməyə şərait yaradır. Müraciətdə QHT təmsilçiləri Prezident İlham Əliyevi qələbədən qələbəyə aparan siyasəti tam müdafiə etdiklərini bəyan edirlər. Onlar Prezidentin müharibənin qalibi və sülhün müəllifi kimi tarixi missiyasını alqışlayırlar. Bu ilin 8 avqustundakı Vaşinqton Zirvə Görüşü də sübut edir ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək. Təkcə son 1 ayda 4 qlobal toplantıda - BMT Baş Assambleyasının sessiyasında, Kopenhagendə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında, Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə Görüşündə və Misirdə Yaxın Şərq Sülh Sammitində Sizin iştirakınız dünya miqyasında qazandığınız böyük nüfuzu və Azərbaycanın qlobal proseslərdə artan rolunu nümayiş etdirir. Şəhidlərin qanı, veteranların şücaəti, xalqın birliyi, Sizin güclü liderliyiniz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyi qorumaq hər bir vətəndaşın borcudur, milli şərəfimizdir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaqlar. Müraciəti “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva oxuyub.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: