Rövşən Əmircanov: "Qızılın unsiyasının qiyməti 4 500 dollara yüksələ bilər"

04.12.2025 10:37 8 baxış sayı 3 dəq. oxuma Report
Rövşən Əmircanov: "Qızılın unsiyasının qiyməti 4 500 dollara yüksələ bilər"

Yaxın aylarda dünya bazarında qızılın unsiyasının qiyməti 4 300 – 4 500 ABŞ dolları arasında dəyişə bilər. Bunu "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, iqtisadçı ekspert Rövşən Əmircanov bildirib. Ekspertin sözlərinə görə, son günlərdə əmtəə birjalarında qiymətli metallara maraq əhəmiyyətli dərəcədə artıb. Hal-hazırda qızılın 1 unsiyasının dəyəri 4 200 ABŞ dolları civarındadır. Bu göstərici qısa intervallarda yuxarı və aşağı hərəkət edə bilsə də, ümumilikdə tarixi maksimumlara yaxın hədd sayılır. Qızılın qiymətinin yüksəlməsi bir neçə əsas amillə bağlıdır və investorların riskdən qorunma strategiyaları ilə sıx əlaqəlidir.


Qiymətlərin artmasına səbəb olan əsas amillərdən biri ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasəti ilə bağlıdır. 2025-ci ilin sonuna doğru FED-in faiz dərəcələrini azaltmağa başlayacağı ilə bağlı gözləntilər mövcuddur. Bu gözləntilər dolların mövqeyini zəiflədir və sərmayəçiləri qorunma məqsədilə qızıla yönəldir. Faiz dərəcələri aşağı düşəndə qızıl daha cəlbedici investisiya alətinə çevrilir. Bu şəraitdə, gərginlik fonunda qızıl sabit dəyər qoruyan bir aktiv kimi mühüm rol oynayır.


Bazarda sabitliyini qoruyan aktivlərə marağın güclənməsinə təsir edən digər ciddi amil Yaxın Şərq daxil olmaqla, müxtəlif regionlarda geosiyasi gərginliklərin davam etməsidir. Belə vəziyyətdə qızıl sabitlik təmin edən investisiya aləti rolunu oynayır, bu da ona olan tələbi artırır. Qiymətlərin artmasına təkan verən başqa bir mühüm məqam isə mərkəzi bankların qızıl ehtiyatlarını artırmasıdır. Son statistik göstəricilərə görə, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Sinqapur qızıl alışı üzrə ən fəal ölkələr sırasındadır. Xüsusilə Çinin ardıcıl olaraq həyata keçirdiyi yüksək həcmli alışlar bazar dinamikasına ciddi təsir göstərir.


Rövşən Əmircanov qeyd edib ki, bahalaşma təkcə qızılla məhdudlaşmır. Gümüş fyuçerslərinin qiyməti də tarixi həddə yaxınlaşaraq 57–58 ABŞ dolları səviyyəsində ticarət olunur. Bu artım gümüşün sənayedə, xüsusilə günəş panelləri, elektromobil istehsalı və elektronika kimi yüksək texnologiyalı sahələrdə geniş tətbiqi ilə əlaqədardır. "Yaşıl enerji"yə keçidin sürətlənməsi bu metala olan tələbi daha da yüksəldir. Gümüş hazırda investisiya fondlarının portfellərində diversifikasiya baxımından mühüm alətə çevrilib. Qısamüddətli dövrdə dolların möhkəmlənməsi və geosiyasi risklərin azalması müəyyən korreksiya yarada bilsə də, orta və uzunmüddətli perspektivdə həm qızıl, həm də gümüş üzrə artım meylinin davam edəcəyi gözlənilir.


G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: