Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb (FOTO)

02.11.2025 12:36 6 baxış sayı 3 dəq. oxuma Trend
Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb (FOTO)

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Qahirə şəhərində Ərəb Parlamentinin Prezidenti Mohamed Alyammahi ilə bir araya gəlib. Görüş zamanı spiker Sahibə Qafarova Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi.


O, əlaqələrimizin əsasını ortaq dini, mədəni və mənəvi dəyərlərin təşkil etdiyini vurğulayıb. Ölkələrimiz arasındakı əlaqələrin genişlənməsində parlamentlərarası əməkdaşlıq mühüm yer tutur. Milli Məclisin Ərəb Parlamenti və ona üzv olan ölkələrin parlamentləri ilə sıx əlaqələri mövcuddur. Tərəflər bu əməkdaşlığın gələcəkdə də gücləndirilməsinin vacibliyini qeyd etdilər. Bu yaxınlarda Bakıda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilmişdi. Konfransda bir sıra ərəb ölkələri parlamentlərinin nümayəndə heyətlərinin iştirakı parlamentlərarası əlaqələrin yüksək səviyyəsini göstərdi və bu məmnunluqla qarşılandı.


Mohamed Alyammahi öz növbəsində Azərbaycanın ərəb ölkələri üçün xüsusi yerə malik olduğunu bildirdi. O, Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi, həmçinin 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycanı təbrik etdi. Söhbət zamanı Milli Məclislə Ərəb Parlamenti arasında beynəlxalq səviyyədə birgə fəaliyyətin əhəmiyyəti vurğulandı.


Həmçinin, Ərəb Parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) ilə əlaqələrə böyük diqqət yetirdiyi qeyd olundu. QHPŞ Ərəb Parlamenti yanında müşahidəçi statusuna malikdir. Ərəb Parlamenti də Şəbəkənin bütün tədbirlərində iştirak edir. Görüşdə Milli Məclislə Ərəb Parlamenti arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirildi, birgə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd edildi.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: