Şuşa sürətlə bərpa olunur, tarixi şöhrətini özünə qaytarır

07.11.2025 06:07 5 baxış sayı 5 dəq. oxuma Trend
Şuşa sürətlə bərpa olunur, tarixi şöhrətini özünə qaytarır

Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı şəhər və rayonları işğaldan azad etməsi 44 günlük savaşın ən mühüm hadisələri idi. Bütün bunlar cəmiyyətdə ruh yüksəkliyini artırdı və düşmən üzərində tam qələbənin yaxın olduğunu göstərdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin həlledici mərhələsi oldu. Məhz bu tarixdən sonra Ermənistan rəhbərliyi məğlubiyyəti qəbul edərək kapitulyasiya aktına qol çəkdi.


Şuşa Azərbaycan xalqının milli kimliyinin simvolu, mədəni və mənəvi sərvətidir. Müharibə günlərində xalqın ən böyük arzularından biri Şuşanın azad olunması idi. Hətta Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində "Şuşasız bizim işimiz yarımçıq olar" demişdi. Ona görə də kənd və şəhərlərimizin azad edilməsi müjdələri eşidildikcə, xalq Şuşanın azad olunması xəbərini böyük intizarla gözləyirdi. Noyabrın 8-i gəldikdə, bu arzu reallığa çevrildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Şuşanın ordumuz tərəfindən azad olunacağını təxmin belə edə bilmirdi. O günlərdə düşmən şəhəri daha da möhkəmləndirmiş, xüsusi təyinatlı qüvvələri müdafiəyə cəlb etmişdi. Lakin Azərbaycan Ordusu Şuşa uğrunda elə unikal döyüş əməliyyatı keçirdi ki, bu, bütün dünyanı heyran qoydu.


Vətən müharibəsinin 42-ci günündə, noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu elan etdi. Bu hadisə respublikada bayrama döndü. İnsanlar əllərində bayraqlarla bu Qələbəni qeyd etmək üçün küçələrə axışdılar. Prezident İlham Əliyevin dediyi kimi, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq. Bu, bizim şanlı Zəfərimizin günüdür. Dövlətin gücünün və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi: noyabr ayının 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də dövlətimizin başçısı Şuşada bayrağımızı ucaltdı.


Artıq beş ildir ki, Şuşa yenidən qurulur, keçmiş şöhrətini və mədəni ənənələrini geri qaytarır. Prezident İlham Əliyev bu müddətdə dəfələrlə Şuşaya səfər edib. Bərpa işləri 2021-ci ilin yanvarında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin öz yerlərinə qoyulması ilə başladı. Şəhərdə tarixi-mədəni irsimiz dirçəldilir, o cümlədən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Xalq artisti Bülbülün ev-muzeyi təmir olunur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə Şirin su hamamı, Mamayı, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa məscidləri də daxil olmaqla, tarixi, mədəni və dini abidələr bərpa edilib. Şəhərin azad edilməsindən sonra yenidən keçirilən “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri Şuşanın mədəni dirçəlişinin təcəssümüdür.


Şuşanın infrastrukturunun bərpası da genişmiqyaslıdır. Burada “Şuşa” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, sutəmizləyici qurğular kompleksi, məktəb, Müalicə-Sağlamlıq Mərkəzi və bir neçə otel (“Xarıbülbül”, “Qarabağ”, “Yasəmən”) istifadəyə verilib. Şəhərin su təchizatı sistemləri yenilənib, Zəfər yolu və Əhmədbəyli-Füzuli-Şuşa yolları açılıb. Şuşa hazırda beynəlxalq tədbirlərin mərkəzi funksiyasını da yerinə yetirir; burada Dünya Azərbaycanlılarının Qurultayı, Türk Dövlətləri Təşkilatının Zirvə görüşü və Qlobal Media Forumları keçirilib. Dirçələn Şuşa Böyük Qayıdışın ünvanıdır. 2024-cü ilin may ayında birinci yaşayış kompleksinin açılışı oldu və doğma sakinləri şəhərə qayıtdılar. Şuşa 2022-ci il üçün “Şuşa İli” elan edilib, eyni zamanda Türk və İslam dünyasının mədəniyyət paytaxtı seçilib. Bütün bu bərpa və quruculuq işləri göstərir ki, Şuşa tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: