Taleh Kazımov: "Gələn il məqsəd inflyasiyanın hədəf daxilində saxlamaqdır"

19.11.2025 09:57 10 baxış sayı 3 dəq. oxuma Report
Taleh Kazımov: "Gələn il məqsəd inflyasiyanın hədəf daxilində saxlamaqdır"

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov 2026-cı il üçün pul siyasətinin əsas hədəfini açıqladı. Sədr Milli Məclisin plenar iclasında, “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşunun müzakirəsi zamanı çıxış edirdi. O bildirdi ki, inflyasiyanın hədəf daxilində saxlanılması növbəti il üçün başlıca məqsəd olacaq.


Kazımovun sözlərinə görə, əvvəlki dövrlərdə olduğu kimi, qiymətlərin hədəf daxilində idarə edilməsi həm iqtisadi artımın davamlılığını təmin edəcək, həm də maliyyə sabitliyi üçün zəmin yaradacaq. Bu məqsədə çatmaq üçün monitar sferada islahatlar davam etdiriləcək, inflyasiyanın amillərinin və maliyyə bazarlarında gedən proseslərin təhlili genişləndiriləcək. Mərkəzi Bank pul siyasətini həyata keçirməklə, əsasən inflyasiyanın tələb amillərinin idarə olunmasına önəm verəcək. Təklif amillərinin effektiv idarə edilməsi məqsədilə hökumətlə birgə səylər göstərilməsi nəzərdə tutulur.


AMB sədrinin verdiyi məlumata görə, Mərkəzi Bankın bu ilin oktyabr ayında yenilədiyi proqnoza əsasən, 2026-cı ildə illik inflyasiyanın 5,7 % olacağı gözlənilir. O qeyd edib ki, inflyasiyanın formalaşmasında təklif amillərinin də yüksək təsiri olacağı proqnozlaşdırılır. Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Gözləntilərə görə, növbəti ildə tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək.


Taleh Kazımov Mərkəzi Bankın oktyabr proqnozlarını izah edərkən, baza ssenarisi üzrə 2026-cı ilin sonunda cari əməliyyat balansının profisitinin 3 milyard ABŞ dolları ətrafında olacağını bildirib. Pul siyasəti alətlərindən istifadə zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. Maliyyə sektoru üzrə müəyyən edilmiş prioritetlər 2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasına uyğun şəkildə icra ediləcək.


T
Əmək bazarı analitiki

Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: