Torpaq bazarında qiymətlər necədir? - AÇIQLAMA

25.10.2025 11:47 6 baxış sayı 4 dəq. oxuma Trend
Torpaq bazarında qiymətlər necədir? - AÇIQLAMA

Son dövrlərdə Azərbaycanın regionlarında torpaq sahələrinin qiymətləri nəzərəçarpacaq dərəcədə yüksəlib. Torpaq bazarı son illərdə dinamik dəyişikliklər yaşayır. Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı bildirib ki, qiymət artımı xüsusilə Abşeron yarımadasında, Quba-Xaçmaz, Qəbələ, Gəncə-Daşkəsən və Lənkəran bölgələrində daha çox hiss edilir.


O, faktlarla qeyd edir ki, 2022-ci ildə bölgələrdə bir sot torpağın orta qiyməti 200-300 manat civarında idisə, hazırda bu rəqəm 400-500 manata qədər yüksəlib. Bakıətrafı qəsəbələr – Məhəmmədi, Novxanı, Masazır və Binəqədi istiqamətlərində isə bir sot torpaq üçün qiymətlər artıq 3000-7000 manat aralığında dəyişir. Ümumilikdə, son iki il ərzində bölgə torpaqlarında 15-20 faizə yaxın artım qeydə alınıb. İnfrastrukturun yaxşı olduğu və turizm potensialı yüksək olan zonalarda qiymətlər 1000 manat və daha yuxarı ola bilir.


G. İsmayılqızı bu qiymət artımının əsas səbəblərini açıqlayıb. Ərazilərin bazar dəyərini artıran birinci amil infrastrukturun yaxşılaşmasıdır; yeni yolların, kommunikasiya xətlərinin və sosial obyektlərin tikintisi qiymətləri yüksəldir. Turizm və kənd təsərrüfatı potensialının artması da tələbatı çoxaldır. Bu, xüsusilə Qəbələ, Quba və Lənkəran kimi turizm regionlarında özünü göstərir. Elektron sənədləşmə sistemlərinin tətbiqi qiymətləndirmə və qeydiyyat proseslərini şəffaflaşdırır, bazara olan etimadı artırır. Əlavə olaraq, ərazidəki miqrasiya amilləri də qiymət artımına ciddi təsir göstərir.


Hazırda regionlardakı torpaq fondunun böyük hissəsi bələdiyyə torpaqlarından ibarətdir. Bu torpaqların sənədləşməsinin sadələşdirilməsi istiqamətində yeni bir mərhələ başlayıb. Bələdiyyə torpaqları qiymətləndirildikdən və real bazar dəyəri müəyyən edildikdən sonra, həmin dəyər əsasında formalaşan rüsum müvafiq qurumun hesabına köçürülür və ya hərracda alqı-satqı baş tutur. Bu proseslərin rəqəmsallaşması mülkiyyət hüququnun rəsmiləşdirilməsini vətəndaşlar üçün daha şəffaf və operativ edib. Sənədləşmə artdıqca torpaq bazarında qiymət səviyyəsinə də ciddi təsir göstərir. Hazırda sənədli və sənədsiz torpaqlar arasında orta hesabla 50 faizə qədər qiymət fərqi müşahidə olunur. Məsələn, eyni ərazidə sənədli torpaq sahəsi 10,000 manat dəyərləndirilirsə, sənədsiz torpaq təxminən 5,000 manata bazara təklif edilir.


Əmlak eksperti Ramil Osmanlı qeyd edir ki, qiymət artımının əsas səbəblərindən biri bu ilin yanvar ayından “Torpaq məcəlləsi”nə edilən dəyişikliklərlə bağlıdır. Xüsusilə bələdiyyə torpaqlarının alqı-satqısında yeni qaydaların tətbiqi qiymət artımında mühüm rol oynayır. Qanunvericiliyin tələblərinə görə, torpaq ərazi üzrə ən yuxarı son üç əqdin yuxarı həddi götürülməklə satışa çıxarılır. Bu, inzibati formada da qiymət artımına gətirib çıxarır. Turizm tipli elə ərazilər var ki, ötən il 2000-2500 manat olan torpaq indi 3500-4000 manata qədər artıb. Ekspert hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlardakı qiymət artımı, xüsusi mülkiyyətdə olan ərazilərdə də bahalaşmaya səbəb olub. G.İsmayılqızı bildirib ki, 2025-2026-cı illərdə bələdiyyə torpaqlarının tam rəqəmsallaşması nəticəsində bazarda daha sabit və real qiymət mexanizmi formalaşacağı gözlənilir.


E
Maliyyə siyasəti şərhçisi

Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: