
Trampın Venesuela planı - yeni aksiyanın başlaması üçün ödənilən şərtlər - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp Venesuelada narkokartellərə qarşı tezliklə "yerüstü əməliyyatlar"a başlayacaqlarını vəd edib. O, bu kartellərin ABŞ-yə müharibə elan etdiyini, bu səbəbdən də Vaşinqtonun onlara qarşı müharibə elan etdiyini deyib. Ağ Evdə keçirilən mətbuat konfransında Tramp jurnalistin Konqresdən icazə istəyib-istəməyəcəyi barədə sualına cavab verib. O bildirib ki, Venesuelada quru əməliyyatlarına qarşı çıxmayacaq. Trampın sözlərinə görə, ölkəyə narkotik gətirən insanlara qarşı əməliyyatlar təkcə dənizdə deyil, həm də qurudan həyata keçirilə bilər. O, müharibə elan etmək üçün mütləq icazə istəməyəcəklərini, sadəcə ölkəyə narkotik gətirən insanları öldürəcəklərini söyləyib. Eyni zamanda, Tramp Venesuela sərhədinə "B-1" bombardmançıları göndərilməsi barədə xəbərləri təkzib etsə də, Vaşinqtonun Venesueladan narkotiklər də daxil olmaqla bir çox səbəblərə görə narazı qaldığını gizlətməyib. Bir neçə gün əvvəl isə o, MKİ-yə (Mərkəzi Kəşfiyyat İdarəsi) Venesuelada gizli əməliyyatlar aparmaq üçün səlahiyyət verdiyi barədə məlumatları təsdiqləmişdi.
Bu bəyanatlar ABŞ-nin Venesuelaya qarşı qurudan əməliyyatlara başlayacağına işarə edir, çünki Ştatlar dəniz yollarına nəzarəti artıq ələ alıb. Son həftələrdə ABŞ hərbçiləri Karib dənizində narkotik daşıyan gəmilərə qarşı ən azı beş zərbə endirib, nəticədə 27 nəfər həlak olub. Donald Tramp bu hadisələr nəticəsində 11 venesuelalı "narkoterrorçunun" öldürüldüyünü qeyd edib. Bəs ABŞ-nin Venesueladan gözləntiləri nədir? Antinarkotik əməliyyatı uğurlu olarsa, bu, siyasi dəyişikliyə çevrilə bilərmi? Vaşinqton-Karakas qarşıdurması təkcə narkotik ticarəti ilə bağlı deyil, lakin bu faktor Amerika ictimaiyyətinin təhlükəsizlik və kriminal həyatına ciddi təsir göstərir. Tramp tez-tez "Tren-de-Aragua" adlı beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın adını çəkir. Venesueladan olan bu "təşkilat" ölkəsində və Latin Amerikasında ən böyük qruplaşmalardan biridir, təxminən 5 mindən çox üzvü olduğu iddia edilir. Qruplaşma fəaliyyətini Birləşmiş Ştatlar da daxil olmaqla yeddi Latin Amerika ölkəsi boyunca genişləndirib.
Narkokartellərin hədəf alınması əməliyyatın görünən tərəfi olsa da, ikinci hədəf qarşıdurmanın əsl mahiyyətini daha aydın göstərir. Karib hövzəsində çox böyük neft yataqları yerləşir və bu ehtiyatların əsas hissəsi Venesuelanın nəzarətindədir. Bu səbəbdən neft resursları uğrunda böyük bir mübarizənin getdiyi istisna edilmir. Venesuela Prezidenti Nikolas Maduronun sosialist rejiminin dünyanın ən böyük neft ehtiyatlarına sahib olması Vaşinqton üçün narahatedicidir. Analitiklər bu qarşıdurmanın ideoloji deyil, regionda enerji resursları, bazarlar və geosiyasi təsir uğrunda rəqabəti əks etdirdiyini düşünürlər. Xüsusilə Qayanada neft yataqları tapılandan sonra Maduro hakimiyyəti ona qarşı ərazi iddiaları irəli sürməyə başladı. Bu da ABŞ-Karakas gərginliyini artıran amillərdəndir. ABŞ Qayanaya diplomatik və hərbi dəstək verir, çünki bu ölkədə "ExxonMobil" və "Chevron" kimi Amerika şirkətlərinin milyardlıq investisiyaları var. Qayanada neft hasilatı gündə təxminən bir milyon barelə çatır.
Yaranmış vəziyyətdən faydalanan əsas qüvvə Çindir. Karakas ABŞ sanksiyalarının təsirini azaltmaq məqsədi ilə neftinin əsas hissəsini böyük endirimlə Pekinə satır. Çin bu nefti sərfəli qiymətə alır və gələcəkdə təchizatını təmin etmək üçün tədbirlər görür. Venesuela Çinin "China Concord Resources Corp." (CCRC) şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb, bu da bəzi yataqlarda hasilatı 2026-cı ilin sonuna qədər beş dəfə artıracaq. ABŞ-nin əsas məqsədi Çini regiondan sıxışdırmaqla Karibdə siyasi, iqtisadi və hərbi üstünlüyü gücləndirməkdir. Bu planların uğurla həyata keçməsi üçün Venesuelada hakimiyyətin yenilənməsi və ya Maduronun Qərbin xeyrinə siyasi xəttini dəyişməsi vacib sayılır. Müxalifət lideri Maria Corina Maçadonun Nobel sülh mükafatına layiq görülməsi də siyasi hadisələrin qızışacağına dair işarə ola bilər. ABŞ-nin narkokartellərə qarşı əməliyyatları, Nikolas Maduro ilə narkotacirlər arasında iddia edilən əlaqələr səbəbindən siyasi dəyişikliklərə təsir edə bilər. Ağ Ev Venesuela kimi neftlə zəngin bir ölkəni Çinin ixtiyarına verməklə Pekinin iqtisadiyyatının güclənməsinə yardım etmək istəmir. Beləliklə, Venesuelada yeni bir aksiyanın başlaması üçün bütün şərtlər mövcuddur.
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Tramp öldürülməyimə razılıq verib”-
Son Xeberler

Trampın Ukrayna barədə sülh planı bəlli oldu
Bugun.az

ABŞ ordusu Venesuela sahillərində qayığı bombaladı
Bugun.az

KİV: BƏƏ Prezidentinin müşaviri Uitkoff və Kuşner...
Azəri Xəbər
Braziliya Prezidenti Lula da Silva ABŞ-ın Venesuel...
Son Xeberler

Maduro: Venesuelanın əsas hava müdafiəsi mövqeləri...
Azəri Xəbər



