
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında Rəqəmsal İnkişaf üçün yeni yol xəritəsi qəbul edilib (FOTO)

Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) üzv ölkələr dünya üzrə hər kəsin internetə çıxışını təmin etmək məqsədi daşıyan yol xəritəsi üzrə razılığa gəliblər. Bu əsas qərar Bakıda başa çatan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) qəbul edildi. BTİ və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilən bu ikihəftəlik tədbir MDB regionunda ilk dəfə Azərbaycanda təşkil olundu. Konfrans regional və beynəlxalq rəqəmsal inkişaf strategiyalarının müzakirəsi üçün zəmin yaratdı. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirdi ki, Bakı, üzv dövlətlərin və tərəfdaşların BTİ-nin qarşıdakı dörd il ərzində inkişaf istiqamətlərini müəyyən edəcək praktik qərarlar üzrə razılığa gəldiyi məkan oldu. O vurğuladı ki, COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməsinə istinad edən Baku Bəyannaməsinin qəbul olunması inklüziv və davamlı rəqəmsal gələcəyə olan ortaq öhdəliyi əks etdirir.
Konfransın əsas yekun sənədi olan Bakı Fəaliyyət Planı telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə insan mərkəzli rəqəmsal inkişafın əsas istiqamətlərini müəyyən edir. Bu Plan xüsusilə inkişaf etməkdə olan ölkələrin, rəqəmsal xidmətlərə məhdud çıxışı olan icmaların və həssas əhali qruplarının ehtiyaclarını prioritet kimi önə çəkir. Qəbul olunan qətnamələr radiotezliklərin idarə olunması, kibertəhlükəsizlik, rəqəmsal inkluzivlik, İKT-nin tətbiqi və tənzimlənməsi, innovasiya və ucqar ərazilərdə rəqəmsal texnologiyaların istifadəsi kimi fərqli sahələri əhatə edib. BTİ-nin Baş katibi Dorin Boqdan-Martin qeyd etdi ki, WTDC-25 hər kəs üçün hər yerdə əlaqənin universal, faydalı və əlçatan olmasını təmin etmək məqsədinə onları daha da yaxınlaşdırdı. O, Bakı Fəaliyyət Planını heç kəsi kənarda qoymayan, insan mərkəzli rəqəmsal inkişafın yol xəritəsi adlandırdı.
Hazırda dünyada təxminən 2 milyarddan artıq insan internetə qoşula bilmir. 2026-cı ildən 2029-cu ilə qədər olan dördillik plan məhz bu problemi hədəf alır. O, inkluziv və davamlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan internet bağlantısının inkişaf etdirilməsinə dəstək göstərəcək. BTİ-nin İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava Bakı Fəaliyyət Planının rəqəmsal fərqləri aradan qaldırmaq üçün konkret yol xəritəsini müəyyən etdiyini vurğulayıb. Plan ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin xüsusi ehtiyaclarını nəzərə alır. Beynəlxalq təşkilat hökumətlər və tənzimləyici orqanlarla əməkdaşlıq edərək sənaye və özəl sektorun investisiya qoymasına şərait yaradan siyasət və tənzimləyici çərçivə formalaşdıracaq. Bu yolla infrastruktur boşluqlarının aradan qaldırılması və bütün insanların internetə çıxışının təmin edilməsi gözlənilir. Fəaliyyət Planındakı regional tələblər infrastruktur əlçatanlığının təmin edilməsi və rəqəmsal bacarıqların artırılması kimi prioritetləri əhatə edir.
Konfrans çərçivəsində regional əhəmiyyət kəsb edən bir sıra razılaşmalar da imzalanıb. Asiya-Sakit Okean regionunda milli “ağıllı” kəndlər və “ağıllı” adalar proqramlarının davamlılığını təmin etmək məqsədilə ikiillik layihə həyata keçiriləcək. Bu təşəbbüs kənd və ucqar ərazilərdə rəqəmsal bacarıqların artırılması üçün model rolunu oynayacaq və yeddi ölkə üzrə 3000 nəfərə fayda verəcək. Əlavə olaraq, MDB regionunda peşəkar və rəqəmsal bacarıqların artırılmasını dəstəkləmək məqsədilə "Intersputnik" beynəlxalq təşkilatı ilə birgə layihə icra olunacaq. Bu layihə peyk rabitəsi ilə yayım texnologiyaları sahəsində çalışan 300 nəfərə fayda gətirəcək. WTDC-25, həmçinin ən az inkişaf etmiş ölkələr üçün yüksəksəviyyəli dialoqu əhatə etdi. Bu ölkələr genişzolaqlı internetin əhatəsini artırmaq və hər kəs üçün təhlükəsiz rəqəmsal gələcək təmin etmək planlarını bölüşüblər. Tədbir zamanı BTİ 2025-ci il üzrə Qlobal Bağlantı Hesabatını da təqdim edib.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Kon...
Bugun.az

Azərbaycan ilk dəfə “WTDC”yə ev sahibliyi edir
Bugun.az

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransın...
Azəri Xəbər

Bakıda MDB-də ilk dəfə Ümumdünya Telekommunikasiya...
Azəri Xəbər

Azərbaycan və İran İKT sahəsində işçi qrupun yarad...
Azəri Xəbər

Prezident İlham Əliyev: Bakı bu gün həm də beynəlx...
Azəri Xəbər



