UNEC QS Dayanıqlılıq 2026 reytinqində ölkədə birincidir

18.11.2025 12:16 5 baxış sayı 3 dəq. oxuma Trend
UNEC QS Dayanıqlılıq 2026 reytinqində ölkədə birincidir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) növbəti dəfə beynəlxalq reytinqdə böyük uğur qazanıb. Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan QS (Quacquarelli Symonds) “Dünya Universitetlərinin reytinqi: Dayanıqlılıq 2026” nəticələrini açıqlayıb. Bu reytinqə əsasən, UNEC Azərbaycanda birinci yeri tutur. Universitet həmçinin Asiyada 221-ci, dünya miqyasında isə ən yaxşı 726-cı ali təhsil müəssisəsi adını qazanıb. Qiymətləndirmə prosesinə dünyanın 108 ölkəsindən 2001 universitet daxil edilib. Qiymətləndirmə ali təhsil müəssisələrinin Ətraf mühitə təsiri, Sosial məsuliyyəti və İdarəetmə fəaliyyətləri əsasında aparılır. UNEC hər üç istiqamət üzrə ölkədə birinci yerə yüksələrək, dayanıqlılıq sahəsində ən yüksək göstəriciyə malik təhsil müəssisəsi olub.


UNEC müxtəlif göstəricilər üzrə regionun bir çox aparıcı universitetini geridə qoyur. Məsələn, “Ətraf mühitə təsir” indikatoru üzrə UNEC dünyada 563-cü, Asiyada 175-ci, Azərbaycanda isə birincidir. “Ətraf mühitin davamlılığı” indikatorunda isə UNEC 309-cu pillədə yer alır. Digər sahələrə nəzər salsaq, “Ətraf mühit təhsili” indikatorunda universitet dünyanın 586-cı, “İşəgötürülmə və inkişaf imkanları” üzrə isə dünyanın 714-cüsüdür. Xüsusilə, “Yaxşı idarəetmə” (Governance) sahəsində UNEC dünyanın ən yaxşı 615-ci, Asiyanın 198-ci, Qərbi Asiyanın 29-cu, Azərbaycanın isə lider universitetidir. Bu nəticələr UNEC-in dayanıqlılıq proqramlarına verdiyi əhəmiyyəti göstərir.


UNEC cari ildə THE (Times Higher Education) və QS beynəlxalq reytinqlərində bir sıra əlavə uğurlar qazanıb. Times Higher Education Dünya Universitetləri Reytinqinə ilk dəfə daxil olan UNEC Azərbaycanda və Cənubi Qafqazda birinci yeri tutub, dünyada isə 801-1000-ci yerə yüksəlib. UNEC THE reytinqində dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olan yeganə Azərbaycan universitetidir. Eyni reytinqdə o, ilk minliyə daxil olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin 20 universitetindən biridir. Əlavə olaraq, QS Dünya Universitetlər Reytinqində 2026 UNEC dünyanın ən yaxşı 801-850-ci universiteti olub. Ticarət sahəsində də nailiyyətlər var: QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026-da UNEC Azərbaycan və Qafqaz regionu üzrə birinci, dünya miqyasında isə 56-cı yerə, “QS MBA Rankings 2026” reytinqində isə dünya üzrə 201-250-ci, Avropa üzrə 70-ci, Azərbaycanda 1-ci yerə yüksəlib.


C
Rəqəmsal təhsil müxbiri

Rəqəmsal təhsil və onlayn öyrənmə platformaları haqqında yazıram. Pandemiyadan sonra bu sahə daha da inkişaf edib.

Bütün məqalələrə baxın
Paylaş: