Xaçmazda qatar avtomobillə toqquşub, sürücü ölüb - YENİLƏNİB

05.02.2026 10:56 34 baxış sayı 2 dəq. oxuma Report
Xaçmazda qatar avtomobillə toqquşub, sürücü ölüb - YENİLƏNİB

Xaçmaz rayonunda baş verən ağır yol qəzası nəticəsində avtomobil sürücüsü həyatını itirib. Hadisə fevralın 5-də, saat 09:45 radələrində rayonun Nərəcan kəndi ərazisində qeydə alınıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi faktı təsdiqləyib. Mərkəzdən verilən məlumata görə, Təcili tibbi yardım briqadası əraziyə çatdıqda 2004-cü il təvəllüdlü kişinin həkiməqədər ölümü qeydə alınıb.


Məlumata görə, Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "VAZ-21011" markalı avtomobili hərəkətdə olan qatar vurub. Avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. "Azərbaycan Dəmir Yolları" (ADY) hadisə ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb. Maşinist tərəfindən dərhal tormozlama aparılsa da, məsafə az olduğu üçün toqquşma baş verib.


Qəza nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib. Hazırda faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır. ADY nəqliyyat vasitələri sürücülərini ciddi şəkildə qanunlara riayət etməyə çağırır. Qurum bildirib ki, sürücülər "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə əməl etməlidirlər. Dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmaq, yüksək sayıqlıq göstərmək və keçidin qatardan tam boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirmək vacibdir, deyə məlumatda vurğulanır.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: