Yeni Azərbaycan Partiyası hər zaman siyasi proseslərin önündədir

21.11.2025 07:06 5 baxış sayı 6 dəq. oxuma Trend
Yeni Azərbaycan Partiyası hər zaman siyasi proseslərin önündədir

Respublikamızın hakim və avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ili noyabrın 21-də tamam olur. YAP-ın Naxçıvan şəhərində Milli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunması Azərbaycanın tarixin sınaqlarına məruz qaldığı son dərəcə ağır və gərgin bir dövrdə baş verdi. Bu, dövlətimizin xilasına xidmət edən böyük siyasi hadisəyə çevrildi. 1992-ci ilin oktyabr ayında ziyalıların Ulu Öndərə müraciət etməsi və yeni siyasi partiyanın yaradılması ilə bağlı təşəbbüslər o dövrdə hakimiyyət orqanlarını narahat edirdi. Hakimiyyətdə olanlar Heydər Əliyevlə görüşməyə gedən şəxsləri hədəfə almış, hətta onunla bağlı yazıların qəzetlərdə dərc olunmasını qadağan etmişdilər. Lakin yaradılan bütün maneələrə və müxtəlif təzyiq metodlarına baxmayaraq, onlar YAP-ın təsis konfransının keçirilməsinə və partiyanın yaranmasına mane ola bilmədilər. 1992-ci il noyabrın 21-də keçirilən təsis konfransı partiyanın nizamnaməsini və proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi, müstəqil Azərbaycanın tarixində üzərinə böyük missiya götürən Yeni Azərbaycan Partiyası beləcə yarandı.


YAP siyasi meydana müxalifət partiyası kimi çıxdı. Lakin YAP, bəzi dağıdıcı qruplardan fərqli olaraq, dövlətə, xalqa və milli maraqlara qarşı müxalifətdə deyildi. Əksinə, partiya o dövrdə ölkəni uçuruma və xaosa sürükləyən, qanlar bahasına qazanılmış müstəqilliyi məhvə aparan avantürist hakimiyyətə qarşı idi. Təsadüfi deyil ki, yaranmasından qısa müddət sonra partiyanın sıralarında on minlərlə insan birləşdi. Bu, Ulu Öndər Heydər Əliyevə olan ümumxalq inamının göstəricisi idi. YAP-ın yaranmasından qısa müddət sonra Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə gəlişi və Azərbaycan Prezidenti seçilməsi xalqımızın ona dərin inam və etimadını göstərdi. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan bütün təhlükələrdən xilas oldu. Tarixi hadisələrə nəzər saldıqda görürük ki, əgər Heydər Əliyevin rəhbərliyi ilə YAP siyasi arenaya daxil olmasaydı və daha sonra Ulu Öndər 1993-cü ilin kritik günlərində hakimiyyətə qayıtmasaydı, bu gün güclü Azərbaycandan danışmaq mümkün olmazdı.


Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə YAP-ın da statusu dəyişdi. Hakim partiyaya çevrilən YAP proqram və nizamnaməsində əksini tapan məqsədlərin yerinə yetirilməsi istiqamətində uğurlu işlər ortaya qoydu. Partiya Heydər Əliyevin başlatdığı islahatlara və dövlət quruculuğu prosesinə layiqli töhfələr verdi. YAP respublikanın siyasi həyatına yeni bir nəfəs gətirdi, siyasi mübarizənin sivil çərçivədə aparılmasının nümunəsini yaratdı. Partiya fəaliyyəti ilə azərbaycançılıq ideyasının möhkəmlənməsinə, cəmiyyətdə milli həmrəyliyin güclənməsinə xidmət etdi. 2003-cü ilin oktyabrında, Prezident seçkilərindən öncə, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının xalqımızın firavanlığı yolunda çox işlər görəcəklərinə inamını bildirmişdi. İlham Əliyevin 2003-cü il seçkilərində Prezident seçilməsi YAP-a olan etimadın növbəti təcəssümü kimi tarixə yazıldı.


Ötən 22 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət həm Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etdi, həm də YAP-ın nüfuzunu artıraraq siyasi-ictimai dayaqlarını möhkəmləndirdi. Bütün bunların nəticəsi olaraq YAP üzvlərinin sayı ildən ilə artmışdır. Bu gün YAP öz sıralarında 744 mindən artıq vətəndaşı birləşdirir. Azərbaycanın ən böyük siyasi təşkilatı olan partiya respublikamızı beynəlxalq səviyyədə də layiqincə təmsil edir. 1993-cü ildən bəri ölkədə keçirilən bütün seçkilərdə YAP-ın namizədləri qalib gəliblər. Bu siyasi reallıq partiyanın cəmiyyətdəki böyük nüfuzundan və onun ideoloji xəttinin xalq tərəfindən dəstəklənməsindən xəbər verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə yoxdur. YAP sözün əsl mənasında ümumxalq partiyasıdır və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti hazırda tarixinin ən şərəfli günlərini yaşayır. Torpaqlarımız işğaldan azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. Məcburi köçkünə çevrilmiş soydaşlarımız öz doğma evlərinə qayıdırlar. Bütün bunlar xalqımızın arzularının həyata keçməsi və YAP-ın bəyan etdiyi məqsədlərin reallaşmasıdır. Torpaqların işğaldan azad edilməsindən sonra Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin reallıqları göstərir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf göstəricilərinə imza atır. Hər zaman siyasi proseslərin önündə olan YAP tariximizin yeni mərhələsində də fəallıq nümayiş etdirir və ictimai-siyasi proseslərə öz töhfələrini verir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: