Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub

19.11.2025 17:47 3 baxış sayı 5 dəq. oxuma Report
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub

Yeni Klinika iki mühüm tibbi müəssisənin- Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası Mərkəzlərinin açılış mərasiminə ev sahibliyi etdi. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Qonaqlar ilk olaraq Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanış oldular. Bu mərkəz 3 min 600 kvadratmetr ərazidə yerləşir və Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk qurumlarından biridir.


Mərkəzin əsas məqsədi pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini artırmaq və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaqdır. Eyni zamanda, mərkəz ölkədə əlillik səviyyəsini minimuma endirməyi hədəfləyir. Yeni mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri göstərir. Burada ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili yardım həkimi, 9 MBT təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi çalışır. Mərkəz fəaliyyətə noyabrın 20-dən etibarən başlayacaq. Bütün bu xüsusiyyətlərinə görə bu qurum Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan qabaqcıl bir mərkəz kimi işə başlayır.


Reabilitasiya Mərkəzi fərqli sahələr üzrə robotik və klassik reabilitasiya xidmətləri təqdim edir. Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları, eləcə də reanimasiyadan sonra bərpaya ehtiyacı olan vətəndaşların stasionar müalicəsi planlaşdırılıb. Nevrologiya istiqamətində insult, beyin və onurğa beyni zədələnmələri, həmçinin sinir sistemi xəstəliklərindən sonra bərpa prosesi aparılır. Ortopedik reabilitasiya travmalardan və ortopedik əməliyyatlardan sonra hərəkətin bərpasını təmin edəcək. Pediatrik reabilitasiya isə uşaqlarda hərəkət, inkişaf və koordinasiya pozuntularının erkən korreksiyasına yönəlib.


Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Yaşlı pasiyentlərə geriatrik reabilitasiya, onkoloji müalicələrdən sonra isə fiziki və psixoloji adaptasiyanın təmin edilməsi üçün onkoloji reabilitasiya təklif olunur. Mərkəz reabilitasiya proseslərinə elmi və texnoloji yenilikləri tətbiq edərək Azərbaycanı modern reabilitasiya mərkəzinə çevirməyi hədəfləyir. Mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya sistemləri, 3D hərəkət analizi, balans və koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslı qiymətləndirmə alqoritmləri, həmçinin fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər və psixoloqlardan ibarət multidisiplinar komanda daxildir.


Tədbirdə daha sonra Sümük İliyi Transplantasiyası Mərkəzinə baxış keçirildi. Bu mərkəz müasir tələblərə cavab verən yüksək ixtisaslaşmış tibb mərkəzi kimi qurulub. Şöbə hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq edən, geniş təcrübəyə malik multidisiplinar komanda tərəfindən idarə olunacaq. Tibbi xidmətlər çərçivəsində hemato-onkoloji diaqnozlarla müalicə alan pasiyentlər üçün həm allogen, həm də autogen sümük iliyi transplantasiyasının həyata keçirilməsi planlaşdırılır.


Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Transplantasiya beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə getmə zərurətini əhəmiyyətli dərəcədə azaldacaq. Transplantasiya blokları modern sterilizasiya standartlarına cavab verən HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi və yüksək infeksion nəzarət sistemi ilə təchiz edilib. Mərkəzin əsas məqsədi pasiyentlərə təhlükəsiz, effektiv və yüksəkkeyfiyyətli müalicə təqdim etməkdir. Bu yeni mərkəz hemato-onkoloji xəstəliklərin müalicəsində daha geniş imkanlar yaradır və tibb müəssisəsinin modern tibb standartlarının tətbiqində nümunəvi səhiyyə ocağı kimi fəaliyyətini davam etdirəcək.


O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: