Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holdinq” tərəfindən BŞİH-ə təhvil verilib

08.11.2025 06:54 9 baxış sayı 3 dəq. oxuma APA
Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holdinq” tərəfindən BŞİH-ə təhvil verilib

“PAŞA Holdinq”in maliyyə dəstəyi ilə inşa edilən Zəfər Parkı və Zəfər Muzeyi rəsmi qaydada Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) təhvil verilib. Təhvil-təslim 2025-ci il noyabrın 6-da imzalanan razılaşma protokolu ilə həyata keçirilib. Sənədi “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov və BŞİH-in başçısı Eldar Əzizov imzaladılar.


Bu böyük layihələr Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Qələbəni əbədiləşdirmək və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yaşatmaq məqsədi daşıyır. PAŞA Holdinq üçün ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xüsusi önəm daşıyır. Buna görə də, Holdinq istər işgüzar fəaliyyətində, istərsə də sosial məsuliyyət təşəbbüslərində şəhidlərin xatirəsinə və Zəfərə həmişə böyük diqqət və həssaslıqla yanaşır.


Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Parkın ümumi ərazisi 9,16 hektardır, bunun da 4,24 hektarını yaşıllıq zonaları təşkil edir. Parkın dizaynı Zəfəri əks etdirən möhtəşəm tikililəri özündə birləşdirir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9,9 metr hündürlüyündə memorial abidə və şəhidlərin adlarının yazıldığı 8,8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın inşasına 114,5 milyon manat vəsait sərf olunub. Muzey binasının ümumi sahəsi 4278 kvadratmetrdir. Binada səkkiz sərgi zalı və 90,7 kvadratmetrlik auditorium zonası mövcuddur. Muzeyin inşası üçün isə 59,5 milyon manat məbləğində vəsait ayrılıb.


“PAŞA Holdinq” 2021-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma prosesində aktiv rol oynayır. Şirkət xüsusilə tarixi, dini və mədəni irsin qorunması istiqamətində bir sıra mühüm layihələrə dəstək verib. Holdinqin maliyyə dəstəyi ilə bir çox tarixi məscidlər bərpa edilib. Bunlara Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidi, Ağdam Cümə məscidi və Qiyaslı kənd məscidi daxildir. Həmçinin, azad olunmuş ərazilərdə dörd yeni məscid də inşa edilib: Suqovuşan, Zəngilan, Hadrut və Daşaltı məscidləri. Hazırda isə Şuşa, Cəbrayıl və Laçın məscidlərinin tikintisi işləri davam etdirilir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: