Zəfər yolu ilə Böyük Qayıdışa: Qarabağ və Şərqi Zəngəzurda şəhərsalmanın son 5 ili (FOTO)

07.11.2025 14:26 3 baxış sayı 3 dəq. oxuma Trend
Zəfər yolu ilə Böyük Qayıdışa: Qarabağ və Şərqi Zəngəzurda şəhərsalmanın son 5 ili (FOTO)

Noyabrın 7-də Zəfər Günü münasibətilə “Zəfər yolu ilə Böyük Qayıdış” adlı xüsusi fotosərgi açılıb. Bu sərgi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı sayəsində reallaşıb.


Dənizkənarı Milli Parkda bir ay davam edəcək sərgi işğaldan azad edilmiş ərazilərdə gedən quruculuq proseslərini və “Böyük Qayıdış” Dövlət Proqramının nəticələrini əks etdirir. Paytaxt sakinləri və qonaqlar sərgi vasitəsilə Azərbaycanın qısa müddətdə bu torpaqlarda həyata keçirdiyi müasir şəhər modelləri ilə tanış ola biləcəklər. 44 günlük Vətən müharibəsində tarixi Qələbədən sonra Azərbaycan şəhərsalma sahəsində yeni bir mərhələyə qədəm qoydu. Təcavüz nəticəsində viran edilmiş, urbisidə məruz qalmış ərazilərdə beş il ərzində əldə edilən uğurlar münaqişədən sonrakı bərpanın qlobal nümunəsinə çevrilib. Ölkənin müasir şəhərsalma siyasəti insan-mərkəzlilik, dayanıqlılıq və yenilik prinsiplərinə söykənir.


Ötən dövr ərzində azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı hazırlanıb. Həmçinin Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları üzərində işlər aparılır. Eyni zamanda, 90-dan çox kənd və qəsəbənin layihə sənədləri artıq təsdiqlənib, 20 yaşayış məntəqəsi üzrə isə layihələndirmə işləri son mərhələdədir. Bu sənədlər hər bir yaşayış məntəqəsinin sosial-iqtisadi cəhətdən tarazlı şəhər mühitinə çevrilməsinə zəmin yaradır. Layihələr əsasında həmin ərazilərdə yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri tikilir. Yol-küçə şəbəkələri, turizm zonaları və sənaye parkları salınır. Tikinti zamanı enerjiyə qənaət edən üsullar və “ağıllı” infrastruktur həlləri tətbiq olunur. Memarlıq abidələrinin bərpasına və tarixi irslə müasir həllərin harmoniyasına xüsusi diqqət yetirilir.


Görülən geniş işlər nəticəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı başlayıb. Bu günə qədər 10 rayonun 30 yaşayış məntəqəsinə (o cümlədən 6 şəhər, 2 qəsəbə və 22 kənd) əhali geri dönüb. Ümumilikdə, 60 minə yaxın şəxs bu torpaqlarda yaşayır, işləyir və təhsil alır. “Zəfər yolu ilə Böyük Qayıdış” fotosərgisi bu böyük transformasiyanın ruhunu vizual olaraq çatdırır. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi hekayəsi bu şəkillərdə canlanır. Ötən beş il Azərbaycan üçün yeni şəhər reallığının formalaşdırılması dövrü oldu, münaqişədən sonrakı davamlı şəhərsalmanın unikal modeli inkişaf etdirildi.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: