
107 yaşlı Azərbaycan Ordusu - Müstəqilliyin və suverenliyin təminatçısı

26 iyun - Silahlı Qüvvələr Günü ölkəmizin hərbi qüdrətinin, dövlətçiliyimizin müstəqilliyinin və təhlükəsizliyinin rəmzidir. Hər il bu tarixdə Azərbaycan Ordusunun keçdiyi şərəfli yol və qazanılan uğurlar xüsusi qürur hissi ilə xatırlanır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda milli ordu quruculuğu birmənalı şəkildə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:
“Bu quruculuq hətta SSRİ dövründən başlayaraq, bir sıra hərbi məktəblərin yaradılması, həmin məktəblərin müdavimlərinin gələcəkdə general kimi məhz Azərbaycan ordusunun önündə gedərək onu qalib və rəşadətli bir orduya çevirməsinə gətirib çıxardı. Çox çətin və problemli illər yaşandı, lakin sonradan həmin məktəblər daha da təkmilləşdi və cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində müasir bir orduya çevrildi. İndi həmin ordu dağda, havada, suda, quruda, səhra şəraitində bütün taktiki və digər parametrlərə cavab verən bir gücə malikdir. Milli Ordumuz regionda aparıcı gücə çevrilməklə yanaşı, dünyada da analoqu olmayan döyüş taktikası ilə tanınıb və öz yerini tutub”.
A.Nağıyev qeyd edib ki, əsas məsələlərdən biri paralel olaraq hərbi sənaye kompleksinin yaradılması idi:
“Bu kompleksin təşkili bir sıra aparıcı dövlətlərin sənaye müəssisələri ilə birgə istehsal sahələrinin qurulması nəticəsində Azərbaycanı əvvəlcə idxalçı, sonradan isə ixracatçı dövlətlərdən birinə çevirdi və bu sahədə ciddi irəliləyişlər əldə olundu. Azərbaycan müxtəlif texnologiyalardan istifadə edərək dünyanın ən aparıcı sərgilərində təmsil olundu. Vətən müharibəsindən sonra Azərbaycanın hərbi islahatlarına və hərbi sənaye kompleksinə dünya tərəfindən, həm NATO standartlarına, həm də digər formatlara uyğun olaraq maraq göstərildi. Ordumuz bu istiqamətdə inkişaf edərək silahlanmada istifadə olunacaq nümunəvi bir gücə çevrildi”.
Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsi və ondan əvvəlki bir sıra döyüşlərdə biz milli kadr potensialına, müasir texnika və texnologiyadan istifadə edən güclü orduya malik olduğumuzu sübut etdik. Buna misal olaraq Hadrut, Şuşa, Naxçıvan istiqamətindəki əməliyyatları, Tovuz döyüşlərini göstərmək olar:
“Vaxtilə heç kim tərəfindən qalib ordu kimi tanınmayan, bəzi proseslərdə iştirak etməsinə baxmayaraq, Azərbaycan ordusu müstəqillik tarixində parlaq qələbə əldə edərək öz torpaqlarını azad etdi. Müharibədən sonar, İkinci Dünya müharibəsindən fərqli olaraq, heç bir tərəfin tam qələbə qazana bilmədiyi bir çox münaqişələrin fonunda Azərbaycan ordusu tam qələbəyə imza atdı. Vetnam müharibəsi, ABŞ-nin Əfqanıstan və İraqdakı əməliyyatları göstərdi ki, bu gün qalib ordu olmaq heç də asan deyil. Amma biz göstərdik ki, həm potensialımız, həm taktiki hazırlığımız, həm də rəşadətli ordumuz var və onun idarəçiliyində müstəsna rol oynayan Ali Baş Komandanımız var”.
A.Nağıyev ordu quruculuğunda vaxtilə imzalanmış “Əsrin kontraktı” çərçivəsində əldə edilən vəsaitlərdən istifadə olunmasından da danışıb. O bildirib ki, bu vəsaitlər ordu quruculuğunda, hərbi qulluqçuların sosial-məişət problemlərinin həllində, yeni texnikanın alınmasında mühüm rol oynadı:
“44 günlük müharibədən sonra yeni komanda tipli qoşun növlərinin yaradılması və proseslərin yenidən qiymətləndirilməsi regionda və dünyada baş verən hərbi əməliyyatlara veriləcək töhfənin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Azərbaycan ordusu heç vaxt başqa dövlətlərin ərazilərini zəbt etmək, onların müstəqilliyini əlindən almaq üçün deyil, məhz hər qarış torpaqlarını qorumaq, müstəqilliyini və suverenliyini təmin etmək, Azərbaycan xalqının rifahı naminə fəaliyyət göstərmək üçün formalaşıb. Bunu biz antiterror əməliyyatlarında da, digər istiqamətlərdə keçirilən döyüşlərdə də sübut etdik. Heç vaxt beynəlxalq hüququn pozulmasından istifadə etmədik. Bizim gücümüz rəşadətli Azərbaycan Ordusundadır, xalqımızdadır. Bu gün xalqımız inanır ki, onun arxasında dayanan güclü bir ordu var və bu ordu qarşıya qoyulan hər bir vəzifəni yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Azərbaycan güclü potensiala, müasir orduya, əməliyyat şəraitinə nəzarət edən xüsusi xidmət və hüquq-mühafizə orqanlarına malikdir. Ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün beynəlxalq səviyyədə koordinasiyalı şəkildə fəaliyyət göstərən orduya sahibik. Bu gün Azərbaycan ordusu regional təhlükəsizliyin əsas sütunlarından biridir. Regionda baş verən istənilən prosesdə Azərbaycan Ordusunun adı yüksək səviyyədə çəkilir”.
“Bütün bu uğurlar Ali Baş Komandanın apardığı məqsədyönlü siyasətin, Azərbaycan xalqının hakimiyyətlə birgə vəhdətinin və orduda aparılan islahatların şəffaflığının nəticəsidir. Bu bayram münasibətilə mən bütün Azərbaycan Ordusunun şəxsi heyətini ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər və ən ali vəzifə olan Vətənin qorunmasında uğurlar arzulayıram”, - deyə komitə sədri əlavə edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun tarixi rəşadət, qələbə və öz xalqına, dövlətinə layiqincə xidmətdən ibarətdir:
“Müstəqilliyimiz bərpa edildikdən sonra çətin şəraitdə yaranan silah çatışmazlığı və eyni zamanda o dövrün təcrübəsiz rəhbərlərinin siyasəti nəticəsində Azərbaycan çətin dövrlər yaşadı. Amma bununla belə, yaranan ordumuz Azərbaycan ərazisinin böyük bir hissəsini qətiyyətlə qorudu və çox sayda şəhidlər verməsinə baxmayaraq, torpaqlarımızı qorumağın nümunəsini göstərdi. Sonradan həm Ulu Öndərin, həm də cənab Prezidentin apardığı siyasət nəticəsində ordumuz müasir silahlarla təchiz edildi, genişmiqyaslı təlimlər keçdi və Vətən müharibəsinə hazırlandı. 44 gün ərzində ordumuz böyük rəşadət göstərdi. Bir günlük antiterror əməliyyatı nəticəsində isə ölkəmizin suverenliyi tam şəkildə bərpa edildi”.
A.Mirzəzadə qeyd edib ki, hazırda da Azərbaycan əsgəri torpaqlarımızı qorumağın yüksək məsuliyyətini nümayiş etdirir:
“Dövlətimiz Silahlı Qüvvələrin inkişafına xüsusi diqqət ayırır, büdcədə müvafiq vəsait ayrılır, müasir silahlar alınır, zabit və əsgərlərimizin maddi, texniki və sosial məsələlərinin həllinə ciddi önəm verilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları siyahısındadır. Azərbaycan xalqı öz ordusunu sevir, ona dəstək verir. Gücümüz bu gün Ordu-Xalq birliyindədir və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bundan sonra da dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində duracaq”.
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanmışdır.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Azərbaycan Ordusu Şuşanı atəşə tutmayıb
Son Xeberler

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam ə...
Son Xeberler

MN 14 yaşlı erməninin yaralanmasını təkzib etdi
Son Xeberler

Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini...
Son Xeberler

Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb -
Son Xeberler

Türkiyə MN-dən Su-25-in vurulmasına reaksiya
Son Xeberler