Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Abonent qaz sayğacı qutusu üçün qapı-qapı gəzdirilir - ŞİKAYƏT

19.11.2025 12:53 8 baxış sayı 3 dəq. oxuma Metbuat
​Abonent qaz sayğacı qutusu üçün qapı-qapı gəzdirilir - ŞİKAYƏT

İki ay əvvəl qaz sayğacının qutusunun yararsız vəziyyətdə olduğunu görən Masazır sakini onun dəyişdirilməsi üçün aidiyyəti qurumlara müraciət etsə də, problem hələ də həllini tapmayıb. Şikayətçi bildirir ki, proses ərzində bir neçə idarə onu bir-birinə yönləndirib, lakin heç biri məsuliyyəti öz üzərinə götürməyib.


O, əvvəlcə “Azəriqaz”ın qaynar xəttinə zəng edib, xidmətin ödənişli olması ilə razılaşıb. Bundan sonra, vətəndaşı ASAN Xidmətə, oradan isə Xırdalan Qaz İdarəsinə müraciət etməyə məcbur ediblər. Masazır sakini Xırdalan Qaz İdarəsinə gedəndə, yenə də bu məsələnin ASAN Xidmətin səlahiyyətində olduğunu bildiriblər. Şikayətçi deyir ki, orada səlahiyyətli şəxslər bu işi kimin görməli olduğunu müəyyənləşdirmək üçün telefon zəngləri ediblər. Sonda o, Sumqayıt Regional Qaz İdarəsinə yönləndirilib.


20 gün gözlədikdən sonra abonent yenidən ASAN Xidmətə baş çəkib, amma burada da işin onlara aid olmadığını deyiblər. Məcbur qalıb Sumqayıt İdarəsinə gedib. İdarədə rəis kimi təqdim edilən Bəxtiyar müəllim prosesi ASAN Xidmətin həyata keçirməli olduğunu desə də, zəng edərək vəziyyəti dəqiqləşdirib. Rəis qutunun tez bir zamanda dəyişdiriləcəyinə söz verib və problemin həllini tapacağına əminlik yaradıb. O, ödənişin yerində ediləcəyini də deyib.


Ancaq şikayətçi artıq bir aydır qaz sayğacının qutusunun dəyişdirilməsini gözləsə də, hələ də dəyişən heç nə yoxdur. Vətəndaş problemi həll etmək üçün “104” qaynar xəttinə dəfələrlə zəng etdiyini bildirib. Təəssüf ki, saytda göstərilən telefon nömrələrinin heç biri işləmir, qaynar xətt də əlavə nömrə vermir. Bu kiçik məsələnin belə uzanması sakin üçün böyük narahatlıq yaradır. Məsələ ilə bağlı Metbuat.az “Azəriqaz” İstehsalat Birliyi”nə (İB) sorğu göndərib.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: